Məşhur mediator: Azərbaycanda ən çox kasıblar və qadınlar boşanır - MÜSAHİBƏ

Məşhur mediator: Azərbaycanda ən çox kasıblar və qadınlar boşanır - MÜSAHİBƏ

Azərbaycanda evlənənlərin sayı azalıb, boşanmaların sayı isə artıb.

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,7- yə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,0-a qədər artıb.

ümumilikdə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində bu ilin birinci rübündə 11870 nikah və 5118 boşanma halları qeydə alınıb.

Hər rüb nikah və boşanma ilə bağlı paylaşılan statistik məlumatlar cəmiyyətdə ən çox müzakirə olunan mövzuya çevrilir. Mətbuatda və sosial şəbəkələrdə insanlar boşanmaların səbəbini müxtəlif faktorlarda axtarırlar.

Bəs əsl səbəb nədir? Azərbaycan üçün bu rəqəmlər çoxmu dəhşətlidir?

Cebhe.info bu və digər suallara cavab tapmaq üçün tanınmış mediator Fərhad Mehdiyevlə müsahibəni təqdim edir.

-Fərhad bəy, son statistikada ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,7- yə düşüb. Elə bundan başlayaq, gənclər niyə daha az evlənirlər?

-Bir səbəbi odur ki, boşanmaların sayı artıb. Boşanmanın nəticələri, boşanmanın maddi yükü onlar üçün əlverişli deyil, bu da həmin insanların bir daha evlənməsini istəksiz hala gətirir. Yəni əvvəl boşanmış insanlar yenidən evlənməyə üstünlük vermirlər.
Bundan başqa, ənənəvi ailə dəyərləri, ailəyə baxış ciddi şəkildə dəyişib. Belə halda da insanlar ailə qurmaqdan çəkinməyə başlayıblar. Ailə qurmağa motivləri azalıb, oğlan tərəfində fərqli, qız tərəfində fərqli motivlər var.

Məsələn, qız tərəfinin üzləşdiyi bir şeyi deyim. Əvvəllər qadına qayınatasının evində yaşayış hüququ tanındığı halda, indi o hüquq tanınmır, birgə yaşadıqları müddətdə nə əldə edirlərsə, əmlak bölgüsündə də o nəzərə alınır. Əvvəllər qanunvericilik evlənmədən öncə ev alınsaydı belə, müəyyən şərtlər daxilində orada qadının yaşayış hüququnu tanıyırdı.Amma qadınların istədikləri tam bu da deyil, qadınlar sərbəst olmaq, işləmək, karyera qurmaq istəyirlər.

-Bəs boşanmanın artmasının əsl səbəbi nədir?

-Mən boşanmalarla işləyirəm, real rastlaşdığım birini nümunə çəkim. Bir oğlan deyir ki, mənim yoldaşım maddi məsələyə, alimentə görə boşanmaq istəyir. O evlilikdə həqiqətən də qızın boşanmasında maddi səbəb var. Oğlan ayda 6000 manat maaş alır, bir uşaqları var. İndi qadın istəyir ki, ata bir uşağa görə ayda 1500 manat aliment ödəsin. Qadın özü işləmir, barışmaq üçün oğlana şərt qoyub ki, mənim adıma ev alsan, səninlə barışaram. Bunların ayrılmasına səbəb tərəflərin birinin maddi narazılığıdır.

Bir məsələ həqiqiətdir ki, maddi çatışmazlıq ailədaxili problemlərin böyüməsinə rəvac verir. Əgər ər-arvad arasında münasibət yaxşıdırsa, hər iki tərəfin biri-birinə istəkləri varsa, maddi problemlər özünü çox biruzə vermir. Amma fikirləşin ki, ərin müəyyən hərəkətlərindən qadın qıcıqlanır, ər evə pul qazanıb gətirməyəndə, bu qıcıqlanma daha da çoxalır.

-Sizə olunan müraciətlər ən çox nə ilə bağlıdır?

-Boşanan ailələrin çoxu kasıb ailələrdir. Gənc ailələrdə xəyanət boşanma səbəbləri arasında müəyyən yerə sahibdir. Adətən, xəyanət xasiyyətlərin uyuşmamasından sonra gəlir. Yəni insanlar arasında hələ boşanmadan öncə münasibətlər dəyişir, onlar bir-birlərindən sevgi alıb-verə bilmirlər deyə, artıq kənarda münasibət axtarmağa başlayıblar. Bunlar boşanmaya gedəndə səbəbin xəyanət olduğunu deyirlər. Amma baxırsan ki, səbəb xəyanət deyil, bunlar uzun müddətdir ər-arvad kimi yaşamayıblar. Əsas səbəblərdən biri də odur ki, insanlar vaxtından tez evlənirlər. Valideynlər övladlarını universiteti bitirən kimi evləndirirlər.

Ailə kiminsə təkidi ilə qurulmamalıdır. Artıq insan ona xasiyyətcə uyğun gələn, onun sözünü götürə bilən, bir-birini yola verə bilən insanlar ailə qurmalıdır. İnsanlar tanışlıq müddətində bir-birlərini tanıya bilmirlər, stress halında necə olurlar, həqiqi üzlərini görə bilmirlər. Bunu evlənəndən sonra görürlər və uyğun olmadıqlarını bilirlər. Bir müddət buna dözürlər. Əvvəllər həmişə dözürdülər, nəyin bahasına olursa olsun ailəni qoruyub saxlamağa çalışırdılar.

-Ən çox kişilər, yoxsa qadınlar müraciət edir?

-Boşanmaya müraciət edənlər arasında ciddi fərq var. Boşanmaya gələnlərin çoxu qadınlardır. İndi xanımlar onları sıxan ailədə qətiyyən qalmırlar, nə uşağın, nə də valideynlərin xatirinə qalırlar. Yəni bir ailə onları sıxırsa, onlar bu ailədən çıxırlar, boşanırlar. Amma kişilər elə deyil, kişilər onları sıxan ailədə qala bilirlər. Deyə bilərlər ki, əsas sıxılan qadındır. Yəni faktdır ki, kişilərin hamısı öz ailələrində xoşbəxt deyillər. Bu dediyim də əsasən 35 yaşa qədər xanımlara aiddir.

-Yaşlı nəslin boşanması halları da baş verir. Onları müəyyən yaşdan sonra boşanmağa nə vadar edir?

-Az da olsa, yaşlı nəsildə boşanma halları var. 40 yaşdan yuxarı insanlar boşanmaya gəlir. Bu insanaların problemi xəyanət -filan deyil. Sadəcə, bu insanlar illərlə yola getməyiblər, sonda boşanmağa qərar veriblər. Ailə dəyərləri dəyişib, 20 il bundan öncə ailə daxilində eyni sıxıntılar yaşanıb. Amma insanlar bu şəkildə boşanmaya getməyiblər. İndi yanaşma dəyişib.

-Necə düşünürsünüz, ailə qurmadan öncə gənclər tibbi yoxlanışla bərabər psixoloji yoxlanışdan da keçməlidirlərmi? Bəlkə, bunun da öz təsiri var.

-Mən də onun tərəfindəyəm ki, gənclər arasında evlənmədən öncə psixoloji uyğunluq testi keçirmək lazımdır. Bu, təbii ki, ödənişli olacaq. İndi vətəndaşlar bunun pulunu ödəmək istəməyəcəklər, o da başqa məsələdir. Amma hazırda psixoloji testə görə, məsələn, 100 manat ödəmələri daha sonra üzləşəcəkləri ailə dağılma faciəsindən daha faydalıdır. İşin başqa bir tərəfi odur ki, fərz edək iki nəfər bir-birini istəyir, amma həmin testin nəticəsinə görə psixoloji olaraq uyğun gəlmirlər. Mənə elə gəlir ki, belə olanda ən azı 50 faiz buna baxmayaraq yenə gedib evlənəcək.

Onlar həmin mərhələdə psixoloqun rəyini diqqətə almayacaqlar. Sonra da ailədə boşanma halları meydana gələcək. Amma məsələ burasındadır ki, vətəndaşın kimlə istəsə evlənmə hüququ var. Həmçinin, dövlət qanunla deyə bilməz ki, boşanmayacağın adamla evlən. Evlənmək də, boşanmaq da vətəndaşın hüququdur. Sadəcə, tövsiyə edə bilər.

-Hər dəfə boşanmaların sayı ilə bağlı statistik rəqəmlər paylaşanda sosial şəbəkələrdə bu, neqativ hal kimi qiymətləndirilir. Bəlkə, insanların ömür boyu bir-birlərinə dözməməyə qərar verməsi müsbət haldır? Niyə insanlar xoşbəxt hiss etmədikləri halda birgə yaşamalıdırlar?

-Mən şəxsən pis baxmıram, doğrudur ki, ölkəni demoqrafik böhran gözləyir. Bizdə artıq kiçik ailə, biruşaqlı ailə modelləri yayılır. Sadəcə, tövsiyə olunur ki, evləndikdən sonra ən azı ilk iki il uşaq barədə düşünməsinlər. Uşaq olmayanda ayrılmaq çox ağrılı olmur. Əgər insanlar ictimai basqılara görə evlənmədən öncə nikahdankənar birgə yaşaya bilmirlərsə, onda evlənsinlər. Amma ilk iki il uşaq sahibi olmasınlar. Mənim tövsiyəm budur. Çünki heç kimin əri 6000-7000 manat maaş almır ki, 1500-2000 manat aliment versin. Qadın da uşağı çətin saxlayır.

Qadınlar boşandıqdan sonra ataya uşağı göstərməyə istəksiz olurlar. ünsiyyət hüququnu təmin etmirlər. Bunu açıq şəkildə deyirəm ki, uşağı atayla görüşdürməyən təqsirkarlar qadınlardır. Uşaqları adətən öyrədirlər. Normalda uşaq atayla iki halda görüşmək istəmir, birinci halda ata uşağı, ikinci halda isə həyat yoldaşını uşağın yanında döyübsə, uşaq bu görüşü istəmir. Adətən , kişi qadına xəyanət edirsə, ailə boşanır və qadın bu xəyanətin qisasını uşağı ataya göstərməməklə alır. Əmlak və aliment bölgüsü ilə istədiyini ala bilməyən qadın da uşağı ataya göstərmək istəmir. Kimin haqlı olub- olmadığından danışmaq istəmirəm. Sadəcə, valideyn başa düşməlidir ki, uşağın kompleksiz böyüməsi üçün hər iki valideynin sevgisi önəmlidir. Böyüyəndə gənc qızların daha yaşlı insana meyil etməsi də ata sevgisini görməməkdən irəli gəlir. Bunu valideynlərə izah etmək çətindir.

-Ailə institutunun qorunması üçün hansı addımlar atılmalı, hansı layihələr hazırlanmalıdır?

-Burada məcbur nəyisə tətbiq etmək çətin olur. Qanun desin ki, sən valideynlik kursuna get və kursdan keçməsən, evlənə bilməzsən, bu, qətiyyən mümkün deyil. Burada maarifləndirici tədbirlər görülməli, sosial roliklər hazırlanmalı, bəlkə ümumi təhsil məktəblərinin sonuncu sinfində ailə münasibətlərinə aid dərslər keçirə bilər. Bu cür addımlar atmaq mümkündür.

Günay Şahmar
Cebhe.info