Böyük Qayıdış: Ağdama birgə səfərdən xüsusi VİDEOREPORTAJ

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə Ağdama birgə səfər təşkil olunub.
Səfərdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, millət vəkilləri, politoloq və siyasi şərhçilər, həmçinin internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak edirlər.
Məlumat üçün bildirək ki, bu, işğaldan azad olunan ərazilərə sayca 8-ci səfərdir. Nümayəndə heyətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.
Bakıdan Ağdama qatarla yola düşən səfər iştirakçıları ərazidə aparılan quruculuq və bərpa işləri ilə yaxından tanış olublar. Birbaşa Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə gedən səfər iştirakçıları bu kompleksin ən müasir standartlara cavab verdiyini, sərnişinlərin rahatlığını təmin edəcək bütün infrastruktura malik olduğunu müşahidə ediblər. Dəmir Yolu sərnişinlərin qatarla Ağdama səfərini təmin etməklə, daha rahat gediş-gəlişə imkan yaradacaq. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin gündəlik 800-1000 sərnişinin daşınmasını təmin etmək gücündə olduğunu da xüsusi vurğulamaq lazımdır. Bu, yeni dəmir yolu və avtovağzalın həm də ümumən ölkə üzrə infrastruktrun inkişafında oynayacağı böyük rolu təxmin etməyə əsas verir.
Səfər iştirakçıları uzun müddət işğal altında qaldığı illərdə xarabalığa çevrilmiş, “Qafqazın Hiroşiması” adlanan bir şəhərdə qısa zamanda belə böyük və strateji əhəmiyyətə malik nəqliyyat infrastruktrunun qurulmasını təqdirəlayiq dəyərləndiriblər. 30 ildən sonra həyatın qayıtdığı Ağdamın yenidən ölkənin əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsi böyük və qürurverici hadisə olmaqla yanaşı, dövlətin öz vətəndaşları üçün yaratdığı şəraitin nümunəsidir.
Səfər çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov şəhərdə aparılan işlər barədə iştirakçılara geniş məlumat verib. O, Ağdamın ölkənin ən böyük dördüncü şəhəri olacağını söyləyib. Səfər iştirakçıları Ağdamda aparılan quruculuq işlərini, Böyük Qayıdış proqramının icrasında qısa müddətdə əldə olunan nəticələri yüksək qiymətləndiriblər.
Nümayəndə heyəti səfərin gedişində Böyük Qayıdış proqramı çərçivəsində Ağdama köçürülmüş vətəndaşlarımızın oradakı yaşayışı və vəziyyəti ilə yerində tanış olub. Onların diqqətinə çatdırılıb ki, şəhərə qayıdan keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb, oların mənzillə, işlə təminatında lazımı tədbirlər görülüb.
İştirakçılar əvvəllər də təşkil olnmuş belə birgə səfərlərin hakimiyyətlə əməkdaşlığa xidmət edən dialoq mühitinin yaradılması, elədə də siyasi partiyaların öz arasında həmrəylik və milli birliyin formalaşmasına müsbət təsirini xüsusi vurğulayıblar.
Daha ətraflı “Cəbhə TV”-nin Ağdamdan hazırladığı xüsusi reportajda:
Elmir Mustafa
“Cebheinfo.az”