Azərbaycan üçün möhtəşəm fürsət

Azərbaycan üçün möhtəşəm fürsət

Son illər Azərbaycanda bərpaolunan enerjinin daha da genişləndirilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib və hazırda bu sahədə yeni layihələr reallaşmaqdadır.

Bunun nəticəsidir ki, son vaxtlıar ölkəmizdə davamlı olaraq tədbirlər təşkil olunur. Yaxın müddətdə keçiriləcək COP29 bunun bariz nümunəsidir. Prezident İlham Əliyev bugünlərdə “Euronews” telekanalına verdiyi müsahibədə bu istiqamətdə həyata keçirilən tədbirlərə toxunub:

"Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir". 

Beləliklə, bu gün Azərbaycanın yaşıl gündəliyi dünya ölkələri tərəfindən də maraqla qarşılanır. 

Məsələ ilə bağlı millət vəkili Tahir Rzayev "Cebhe.info"-ya bildirib ki, bu gün dünyanın bir çox ölkələri enerji böhranı ilə üz-üzədir. Belə bir vaxtda alternativ enerji mənbələrinin axtarılması və imkanlardan səmərəli istifadə  bəşəri mahiyyət daşıyır: 

"Azərbaycan bu sahədə dünyaya bir nümunə göstərməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, biz Avropanın enerji təhlükəsizliyini təmin olunmasında mühüm rol oynayırıq və bundan sonra da ölkələrin enerjiyə olan tələbatını ödəmək üçün lazım olan imkanlar səfərbər ediləcək. Ölkə rəhbərinin hər bir çıxışı dünya ictimaiyyətində geniş əks-səda doğurur. Çünki bu, bəşəri əhəmiyyətə malikdir və Azərbaycan dövlət rəhbərinin sülhün, əməkdaşlığın, əmin-amanlığın yaradılmasına göstərdiyi səylərdən irəli gəlir. Məlum olduğu kimi, Azərbaycan güclü enerji potensialına malikdir. 

Ötən ilin oktyabrında 230 meqavatlıq ilk Günəş enejisi stansiyasının açılışı göstərir ki, o potensialdan  - Günəş və külək enerjisindən istifadə edilməsi üçün ölkəyə sərmayə qoyulması vacibdir. Ölkə başçısı da öz çıxışlarında xarici sərmayədarların bu işə cəlb olunmasını, bu sahənin inkişaf etdirilməsini mühüm amillərdən hesab edir”. 

Deputat bildirib ki, perspektiv çox böyükdür, orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələrin və anlaşma memorandumlarının icra edilməsi nəzərdə tutulur:

“Bunun üçün bir çox şirkətlərlə lazım olan sənədlər imzalanıb. Bu potensialın mövcudluğu Azərbaycanın yaşıl enerjiyə keçməsinə şərait yaradır. Dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verə bilər. 

Prezident İlham Əliyev iyunun 21-də "Euronews" telekanalına verdiyi müsahibəsində də bu məsələlərə bir daha aydınlıq gətirib. Ölkə başçısı bildirib ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün cəlbedicidir. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Əlbəttə ki, bu qürurvericidir. Dövlət rəhbəri həm də bildirib ki, COP29 kimi tədbirin Azərbaycanda keçirilməsi yaşıl enerjiyə keçid üçün geniş imkanlar yaradır və bundan sonra həmin sahənin inkişafı diqqət mərkəzində olacaq. Sözsüz ki, yaşıl enerjiyə keçid və külək, Günəş enerjisindən daha səmərəli istifadə olunması Azərbaycan iqtisadiyyatının yüksəldilməsinə təkan verəcək. Bu da ölkənin gələcək yüksəlişi, xalqın rifahının təmin olunması üçün çox vacibdir. Nəzərdə tutulanlar və göstərilənlər bir daha deməyə əsas verir ki, bu gün Azərbaycan nəinki neft, qaz, eləcə də alternativ enerji mənbələrindən səmərəli istifadə etməklə dünyada iqtisadi cəhətdən inkişaf edən bir ölkəyə çevrilir. 

İmkanların genişləndirilməsi ölkəmizin hərbi, müdafiə, təhlükəsizlik qüdrətinin artırılmasına böyük zəmin yaradacaq". 

Nigar Abdullayeva 
"Cebhe.info"