Deputat: “Almaniya- Azərbaycan münasibətləri inkişaf edəcək”

Deputat: “Almaniya- Azərbaycan münasibətləri inkişaf edəcək”

“Almaniya Azərbaycanın Avropada ən vacib siyasi və iqtisadi tərəfdaşlarından biridir”. 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, rəsmi Bakı və Berlin arasındakı münasibətlər 1992-ci ildən Almaniyanın Azərbaycanı müstəqil dövlət kimi tanımasından sonra inkişaf etməyə başlayıb:

“Bu müddət ərzində hər iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əməkdaşlıq genişlənib. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfərə gəlməsi və liderlərin mətbuat konfransında səsləndirdiyi fikirlər ikitərəfli əlaqələrin dinamik inkişaf etdiyinin göstəricisidir. Almaniya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Almaniyaya neft və qaz məhsulları ixrac edir və öz növbəsində tərafdaş ölkədən  yüksək texnologiyalar, avtomobil sənayesi, energetika və sənaye avadanlıqları əldə edir”.    

Millət vəkili qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin Avropanın enerji bazarında yaratdığı risklər və birbaşa Almaniya iqtisadiyyatına mənfi təsiri rəsmi Berlini alternativ mənbələr axtarışına sövq edir:

“Belə olduğu təqdirdə Almaniya hökuməti Xəzər regionunun Avropanın və özünün iqtisadi maraqları kontekstində artan əhəmiyyətini dərk edir. Həmçinin, Azərbaycanın inkişaf etmiş neft-qaz sənayesi və enerji infrastrukturu Almaniyanın diqqətini cəlb edir. Hesab edirəm ki, liderlərin qarşılıqlı səfərləri fonunda ölkələrimiz arasında ikitərəfli münasibətlər daha da inkişaf edəcək”.

Elmir Mustafa
“Cebheinfo.az”