Prezident mesaj verdi: Siyasi ambisiyalar olmasa...

Prezident mesaj verdi: Siyasi ambisiyalar olmasa...

Azərbaycan-Ermənistan münasibətləri hər zaman gərgin  olub.

Burada kənar müdaxilələrin də rolu danılmazdır. Qərbin, şimal və cənub qonşularımızın müdaxiləsi ilə Ermənistan işğalçı mahiyyətini hər zaman davam etdirməyə cəhd göstərib. Bu proses İkinci Qarabağ müharibəsinin başladığı günə qədər davam edib. Ümumiyyətlə, Ermənistan heç bir zaman Azərbaycanla heç bir halda birbaşa razılığa gəlməyib. Amma son olaraq Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı masa arxasında razılığa gələn Ermənistan özü üçün də məqbul variantın nə olduğunu başa düşür.

Eyni zamanda, bir daha sübut olundu ki, kənar müdaxilə olmayanda, Ermənistanla da razılaşmaq mümkündür. 24 apreldə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunub və açıq şəkildə vurğulayıb ki, siyasi ambisiyalar olmayanda, Ermənistanla razılığa gələ bilirik:

“Qazaxıstan tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı bizə müraciət edib. Biz buna razılığımızı vermişik və Ermənistan da buna razı olsa, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər. Burada bir məqama aydınlıq gətirmək istərdim. Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik”.

Göründüyü kimi, Prezident İlham Əliyev bir daha Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin, sıx əməkdaşlıq formatının yaranması məqsədilə Azərbaycanın Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu və Bakının sülhlə bağlı şərtlərini bir daha bəyan edib. 

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan deputat İlham Məmmədov deyib ki, İkinci Qarabağ müharibəsindən sonra ilk olaraq Azərbaycan bölgədə dayanıqlı sülhün təmin olunması məqsədilə Ermənistana sülh təklifi edib:

"Sadəcə olaraq hər zaman olduğu kimi, Ermənistan tərəfi rəsmi Bakının sülh şərtlərinə əməl etməyərək sülhdən yayınmaq yolunu seçib. Sülhdən yayınmanın da ağır bədələni Ermənistan ödəməkdədir”. 

Deputat əlavə edib ki, Azərbaycan Prezidenti dəfələrlə sülhün əldə olunması üçün ikitərəfli formatda danışıqların aparılmasını təklif edib. Bildirib ki, üçüncü tərəfin iştirakı olmadan biz daha asan razılığa gələ bilərik:

“Bu, özünü praktikada da artıq sübut edib. Nə zaman ki, tərəflər üçüncü tərəfin iştirakı olmadan danışıqlar aparır, bu, öz bəhrəsini verir. İstər ötən ilin sonunda aparılan ikitərəfli danışıqlar nəticəsində əsirlərin dəyişdirilməsi, istərsə də sərhədlərin delimitasiyası ilə bağlı aparılan danışıqlarda Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasında bunu gördük. Artıq ikitərəfli danışıqlar nəticəsində tərəflər sərhədin 10-12 km məsafəsinin delimitasiyasında razılığa gəliblər. Bu, o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü danışıqlar formatı sülhün əldə edilməsində daha uğurlu modeldir.

Əgər Ermənistan ikitərəfli formatda danışıqları davam etdirərsə, daha tez bir zamanda iki ölkə arasında sülh sazişinin imzlanmasına və bununla da bölgədə dayanıqlı sülhün əldə olunmasına çox böyük zəmin var. Azərbaycan bölgədə düşmənçiliyə son verib, bölgə ölkələrinin mehriban qonşuluq münasibətləri şəraitində sıx əməkdşalığının tərəfdarıdır.

Yəni ölkə başçısının dediyi kimi, siyasi ambisiyalar olmayanda, razılığa gəlmək daha asan olur. Astananın Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı müraciəti də bu qəbildəndir”. 

Deputat onu da qeyd edib ki, Azərbaycan Astananın bu təklifinə razılıq verib. 

Ermənistan da razılıq verərsə, burada hər hansı problem yoxdur:

“İki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər. Çünki Qazaxıstan tərəfinin verdiyi təklifdə söhbət hər hansı vasitəçilikdən getmir. Bu, sadəcə olaraq iki ölkə arasında sülh danışıqlarını aparmaq və etimad mühitinin yaranması üçün bir coğrafi məkandır. Hesab edirəm ki, Ermənistan tərəfi sülh istəyirsə, o zaman belə bir fürsəti əldən verməməlidir. Əks təqdirdə cənab Prezidentin bəyan etdiyi kimi, Ermənistan dalan ölkə olaraq qalmaqda davam edəcək. Bundan da uduzan Ermənistan dövlətçiliyi və ermənilər olacaq". 

Vilayət Muxtar 
“Cebhe.info”