Xankəndidə hərbi parad: Zəfər Günü tarixdə qalacaq

Xankəndidə hərbi parad: Zəfər Günü tarixdə qalacaq

Noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərində parad keçiriləcək.

Artıq Zəfər paradına hazırlıq işləri başa çatmaq üzrədir. Xankəndidə keçiriləcək paradda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, xüsusi təyinatlı və digər silahlı birləşmələrin keçidi olacaq. 

Paradda, həmçinin düşməndən qənimət kimi götürülən hərbi texnikalar nümayiş etdiriləcək. 

Xatıladaq ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin son günlərində - 8 noyabrda Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalından azad edilib. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 8 noyabr Zəfər Günü elan olunub.

Milli Məclisin deputatı Elman Məmmədov Cebhe.info-ya şərhində qeyd edib ki, Xankəndidə paradın keçirilməsi erməni işğalçılarına və onların havadarlarına ciddi zərbə olacaq:

“Bu, hamımızın, hər bir azərbaycanlının gözlədiyi andır. İstər 44 günlük Vətən müharibəsində, istərsə də son genişmiqyaslı antiterror əməliyyatlarında Azərbaycan bütün Qarabağ üzərində suverenliyini və yurisdiksiyasını bərpa etdi. 

Bu, Azərbaycan tarixində böyük və şanlı hadisə kimi həkk olunacaq. 30 ildir ki, xalqımız bunu gözləyirdi. Sabah Xankəndidə Şuşanın, o cümlədən bütün Qarabağın azad edilməsi münasibəti ilə parad keçiriləcək.

Zəfər Günü xalqımızın qürur, sevinc və qələbə günü olaraq qalacaq. Xalqımız daima bu günü təntənə ilə qeyd edəcək. Cənab Prezidentimiz və Ali Baş Komandamız İlham Əliyevin qətiyyəti və cəsarəti nəticəsində bu tarixli günləri qovuşduq”.

Yunis Abdullayev
Cebhe.info