Azərbaycanda “kupçasız” evlər belə satılır: Təhlükəli alqı-satqı

Azərbaycanda “kupçasız” evlər belə satılır: Təhlükəli alqı-satqı

Son aylar ölkəmizdə çıxarışsız mənzillər məsələsi müzakirə predmentinə çevrilib.

Belə ki, tikintisinə rəsmi icazə olmayan çıxarışsız (“kupçasız”) yeni mənzillərə kommunal xidmət göstərilmir. Eyni zamanda, alqı-satqı zamanı müəyyən əngəllər yaranır. Bu baxımdan çıxarışsız mənzillərə tələbatın kəskin azalmasını görmək olar. 

Maraqlıdır, çıxarışı olmayan mənzillər hazırda necə satıır? 

Mövzu ilə bağlı əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev “Cebhe.info”-ya bildirib ki, çıxarsız mənzillər bir neçə formada olur:

“Onların bir qismi yeni binalardadır, vətəndaşla tikinti şirkəti arasında alqı-satqı müqaviləsi ilə alınır. Bina tam tikilib təhvil verildikdən sonra həmin mənzillərə çıxarışlar verilir. Bu baxımdan müqavilələri olan mənzillərə təlabat çoxdur. Onlar birmənalı olaraq ilkin qaydada çıxarışla yox, müqaviləyə satılır. Təkrar bazarda çıxarışla satılsa da, ilkin mərhələdə bunların satış mexanizmi yalnız alqı-satqı müqaviləsi ilədir.

Daha sonra çıxarışı olmayan torpaq sahələri var ki, sərəncamla satılan torpaq sahələri və üzərində ikilən sənədsiz evlərdir. Onlara tam sənədsiz demək düzgün olmaz. Çünki onların da hansısa formada müəyyən sənədləri var. Bələdiyyə sənədi, yaxud yerli icra hakimiyyətlərinin sərəncamı, dövlət tərəfindən ayrılmış torpaq sahələri, icarə torpaqlar”. 

Ekspert bildirib ki, çıxarışsız mənzilləri vətəndaşlar bir sıra sənəd imzalamaqla əldə edirlər: 

“Vətəndaşlar daşınmaz əmlakın alqı-satqısı zamanı müxtəlif üsullardan istifadə edirlər. Evinə qeydiyyata salmaqla, etibarnamə verməklə, yaxud evin sayğacını satdığı adamın adına keçirməklə alqı-satqı proseslərini həyata keçirirlər”. 

Ekspert vurğulayıb ki, bu cür sənədləşdirmə qanunvericilikdə yolverilməzdir:

“Belə alqı-satqı təhlükəli  hesab olunur. Lakin hazırda ölkəmizdə, xüsusən paytaxt Bakı ərazisində 100 minlərlə çıxarışı olmayan torpaq sahələri var ki, onların qanuni formada alqı-satqı mexanizmi olmadığına görə sahibləri və alıcıları məcburən özlərinin düşündükləri formada alqı-satqı mexanizmi həyata keçirirlər”. 

Ekspert qeyd edib ki, çıxarışı olmayan mənzillərin sənədləşdirilməsi üçün mexanizm olmadığına görə iqtisadiyya mənfi təsir göstərir: 

“Bu da evlərin dəyərdən düşməsinə gətirib çıxara bilər. Bu problemin həll olumaması birmənalı qaydada daşınmaz əmlak sahəsinə mənfi təsir göstərir. Mən düşünürəm ki, amnistiya tətbiq olunmalı və bu əmlaklara çıxarışlar verilməlidir. Proses qanunu formada aparılarsa, buradan banklar yararlana bilər, sığorta şirkətləri və s. mənfəət əldə edər”. 

Həsən Məmmədov 
“Cebhe.info”