“Çıraq” Uşaq İnkişaf Mərkəzi İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“Çıraq” Uşaq İnkişaf Mərkəzi İctimai Birliyi yeni layihənin icrasına başlayıb

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Qələbə salnaməsi ilə yadda qalan bu ildə ölkə üzrə müxtəlif layihə və tədbirlər həyata keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Çıraq” Uşaq İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 1 may tarixindən “Əlilliyi olan uşaqlarla iş” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi Sumqayıt şəhərində I və II Qarabağ müharibəsi zamanı Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, müharibə əlillərinin və iştirakçılarının ailə üzvləri arasında əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya yönümlü təlimlərin təşkil edilməsidir.

Təlimlər vasitəsilə müxtəlif xəstəliklərdən əziyyət çəkən 10 əlilliyi olan uşağın bacarıqlarının inkişafı, maraq dairəsinin genişləndirilməsi və onların sosiallaşmasının təmin olunması nəzərdə tutulur. Şəhid, əlil və müharibə iştirakçısı statusuna malik ailələrdə yaşayan bu kateqoriyadan olan uşaqların sosial reabilitasiyaya cəlb olunması və maraqlarının aşkarlanması onların potensiallarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Əlilliyi olan uşaqların əqli, fiziki, sosial, nitq, psixoloji və art-terapiya sahələrində inkişafına yönəlmiş tədbirlər onların gələcək həyatlarının sağlam və möhkəm təməl üzərində qurulmasına xidmət edir. Uşaqlarla yanaşı, onlara qulluq edən qəyyum və ailə üzvlərinə də dəstək göstərilməsi bu layihənin mühüm tərkib hissəsidir.

Əlilliyi olan uşaqlar cəmiyyətin sosial baxımdan ən həssas təbəqəsinə aiddirlər. Bu səbəbdən həm onların fərdi ehtiyaclarına, həm də onları əhatə edən sosial problemlərə həssaslıqla və xüsusi diqqətlə yanaşmaq vacibdir.

"Cebheinfo.az"