Yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.
"Cebheinfo.az" xəbər verir ki, Goranboy rayonu, Meşəli kəndində yerləşən Əsədov Qorxmaz Abdulla oğluna məxsus yanacaqdoldurma məntəqəsində yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektin elektrik təsərrüfatı istismar qaydalarının tələblərinə cavab vermir və nasaz elektrik qurğularından istifadə edilir;
- avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olması barədə müvafiq sənəd təqdim edilməyib;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Qanununa uyğun olaraq sığorta olunmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Goranboy rayonu, Meşəli kəndində yerləşən Əsədov Qorxmaz Abdulla oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
"Cebheinfo.az"