Məmurlar bahalığa etiraz edir

Yunanıstanda fəhlələr və dövlət qulluqçuları hökumətdən bahalığa qarşı tədbir görməyi tələb edərək 24 saatlıq tətilə başlayıblar.
"Cebheinfo.az" xəbər verir ki, Həmkarlar İttifaqları Konfederasiyası (GSEE) və Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırışı ilə fəhlələr və dövlət qulluqçuları 24 saatlıq tətil edirlər.
Tətilə Yunanıstan Kommunist Partiyasına (KKE) bağlı olan PAME işçilərinin həmkarlar ittifaqı da dəstək verib. Tətil səbəbindən bir çox şəhərlərdə, xüsusən də paytaxt Afinada ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Dəmir yolu və dəniz nəqliyyatı tamamilə dayanıb. Qatarların hərəkəti ləğv edilib.
Gəmilər limanlarda yan-yana qalıb. Hava limanlarında uçuşlar təxirə salınıb. Tətil çərçivəsində paytaxt Afinada nümayiş keçirilib. Afinada toplaşan minlərlə fəhlə və məmur parlament binası qarşısına yürüş edib. Fəallar hökumətin yaşayış minimumuna çarə tapması və maaşların artırılması tələblərini səsləndiriblər. Təqaüdçülər isə 2009-cu ildə başlayan iqtisadi böhran zamanı ləğv edilən 13 və 14-cü maaş sisteminin bərpasını tələb ediblər. Oxşar nümayişlər ölkənin bir çox başqa şəhərlərində, xüsusilə Salonikidə keçirilib.
Nigar Hacılı
"Cebheinfo.az"