Təbiətin vurduğu ziyan: Bu halda vətəndaş nə etməlidir?

"15-16 aprel tarixlərində yağan güclü yağışlar nəticəsində həm əkin sahələri, həm də vətəndaşların fərdi evləri və ticarət obyektləri ciddi zərər görüb”.
Bunu "Cebheinfo.az"-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.
O bildirib ki, hazırda bu zərərlərin necə kompensasiya ediləcəyi məsələsi gündəmdədir:
“Bu kontekstdə diqqət çəkilməli məqamlardan biri də ölkədə mövcud olan sığorta sistemidir. Rəsmi bəyanatlarda məsul şəxslər əkin sahələrinin, fərdi yaşayış evlərinin və ticarət obyektlərinin sığortalanmasının vacibliyini vurğulayırlar.
Əgər bu obyektlər sığortalanıbsa və dəymiş zərər qiymətləndirilibsə, sığorta şirkətləri bu hallarda vətəndaşa kompensasiya ödəməyə borcludur. Təəssüf ki, bir çox vətəndaş sığorta sisteminə inamsızlıq səbəbindən bu imkanlardan istifadə etmir. Bu səbəbdən zərər çəkdikdə nə sığorta, nə də başqa bir hüquqi əsasla kompensasiya ala bilmirlər və sonda dövlət orqanlarından dəstək gözləyirlər. Bu halda məsələ fərqli qiymətləndirilməlidir.
Əgər vətəndaşın əmlakına dəyən zərər birbaşa dövlət orqanlarının səhlənkarlığı ucbatındandırsa, məsələn, su-kanalizasiya sisteminin düzgün işləməməsi, drenaj sistemlərinin olmaması və s. bu zaman vətəndaş həmin dövlət qurumunu məhkəməyə verərək zərərin ödənilməsini tələb edə bilər. Bu ziyan hüquqi yolla kompensasiya oluna bilər".
Çingiz Qənizadə vurğulayıb ki, bu kimi hallarda vətəndaş zərərin dəqiq səbəblərini sənədlərlə sübut etməlidir:
“Bu isə zərərin qiymətləndirilməsi, foto və video materialların toplanması, texniki rəyin alınması və s. kimi prosedurları tələb edir. Əgər zərər vətəndaşın şəxsi məsuliyyətsizliyindən, məsələn, evin dam örtüyünün keyfiyyətsiz olmasından qaynaqlanırsa, bu halda heç kimdən kompensasiya tələb edə bilməz.
Amma vətəndaş su və kanalizasiya xidmətlərindən rəsmi şəkildə istifadə edir, ödənişlərini vaxtında həyata keçirir və buna baxmayaraq dövlət qurumunun səhlənkarlığı nəticəsində zərərə məruz qalırsa, o zaman bu məsələ hüquqi müstəvidə həll edilməli, zərərin ödənilməsi tələb olunmalıdır.
Bu cür hallar hüquqşünaslar tərəfindən araşdırılmalı, zərərin səbəbi və məsul qurum dəqiq müəyyənləşdirilməlidir. Dövlət və vətəndaş münasibətlərində hüquqi əsaslar, sənədlər və sübutlar əsas rol oynayır".
Səbinə Uğur
"Cebheinfo.az"