"İlin Mətbuat Fotosu" mükafatı öz sahibini tapdı

"İlin Mətbuat Fotosu" mükafatı öz sahibini tapdı

Dünya Mətbuat Fotoqrafiyası Vəqfi tərəfindən təşkil edilən illik mükafat mərasimi ilə 2025-ci ilin “İlin Mətbuat Fotosu” mükafatının qalibi açıqlanıb.

“Cebheinfo.az” xəbər verir ki, “The New York Times” qəzetinin fotoqrafı Samar Abu Elouf, müharibədə qollarını itirmiş bir qəzzalı uşağın portreti ilə mükafata layiq görülüb.

Münsiflər heyəti, bu il seçilən qalib fotoya dair belə açıqlama verib:

“Bu, yüksək səslə danışan səssiz bir fotodur”.İsrailin Qəzzaya hücumu zamanı qolları parçalanan 9 yaşlı fələstinli uşağın ürək parçalayan portretinin adı “Aged Nine” ("Doqquz yaşında") adlanır.  “Mahmudun anasının mənə danışdığı ən təsirli sözlərdən biri o idi ki, Mahmud qollarının olmadığını anlayanda anasına dediyi ilk söz bu olmuşdu: "Səni necə qucaqlayacağam?””, - deyə fotoqraf Abu Elouf bildirib.

Mahmud hazırda müalicə məqsədilə Qətərin paytaxtı Doha şəhərinə təxliyə olunub.

Məlumata görə, mükafat qazanan fotoqraf Samar Abu Elouf da qəzzadandır və hazırda Dohada yaralı fələstinlilərin fotolarını çəkməyə davam edir.

Dünya Mətbuat Fotoqrafiyası Vəqfinin icraçı direktoru Cumana əl-Zeyn Xuri isə qalib foto haqqında belə deyib:

“Bu foto təkcə bir uşağın hekayəsini deyil, nəsillər boyu davam edəcək daha geniş bir müharibəni əks etdirir”.

Xatırladaq ki, ötən ilki qalib fotoda da Qəzza zolağındakı xəstəxana morqunda beş yaşlı qardaşı oğlunun çarşafa bükülmüş cəsədini qucaqlayaraq ağlayan bir qadın təsvir olunmuşdu.

Əfsanə Rəcəb
“Cebheinfo.az”