Vətəndaşlara pul veriləcək? - Məhkəmə qərar verəcək

Bakıda aramsız yağan yağışlar nəticəsində şəhərin müxtəlif yerlərində bir neçə fərdi yaşayış evini və həyətləri su basıb.
Xüsusilə paytaxtın infrastruktur baxımından zəif ərazilərində yağış sularının yığılması ciddi fəsadlara yol açıb. Sakinlər avtomobil və ev əşyalarının yararsız hala düşdüyünü, maddi ziyana uğradıqlarını bildiriblər. Belə hallarda zərərçəkmiş vətəndaşların təzminat almaq hüququ varmı? Bu ziyan kimin məsuliyyəti sayılır – təbii fəlakət, yoxsa icra hakimiyyətlərinin və ya kommunal xidmətlərin səhlənkarlığı?
Məsələyə aydınlıq gətirmək üçün "Cebheinfo.az"-a açıqlamasında ekspert Əkrəm Həsənov əsas məsələnin dövlət orqanlarının üzərinə düşən öhdəliklər olduğunu deyib.
"Yəni söhbət şəhər və rayon icra hakimiyyəti kimi qurumlardan gedir. Onlar küçələrdə, yollarda, ümumi istifadə olunan yerlərdə müəyyən tədbirlər görməli idilər. Hər bir qurumun öz səlahiyyəti və məsuliyyət sahəsi var.
Burada bir məsələni dəqiq başa düşmək lazımdır: vətəndaşın şəxsi evi dövlətin birbaşa öhdəliyində deyil. Mənzil vətəndaşın mülkiyyətidir, bina da sakinlərindir. Dövlət bu tip xüsusi mülkiyyət sahələrinə müdaxilə etməli deyil. Amma küçədə, yolda və ya ümumi infrastrukturda dövlət orqanlarının səhlənkarlığı nəticəsində vətəndaşa ziyan dəyibsə, məsələn, düzgün qurulmayan drenaj sistemi səbəbindən su evə dolubsa, bu zaman vətəndaş dəyən ziyanın əvəzini məhkəmə yolu ilə tələb edə bilər.
Bu halda məhkəmə konkret araşdırma aparmalıdır. Əgər sübut olunarsa ki, ziyanın səbəbi doğrudan da icra hakimiyyəti və ya başqa bir dövlət qurumunun vaxtında görmədiyi işlərdir, o zaman dövlət orqanı məsuliyyət daşıyır. Əgər həmin qurum sübut edirsə ki, o, öz işini düzgün yerinə yetirib və problem vətəndaşın öz evindən, damından və ya digər daxili problemlərdən qaynaqlanır, bu zaman məsuliyyət vətəndaşın öz üzərində qalır. Yəni hər bir hadisəyə ayrı-ayrılıqda baxmaq lazımdır və məsuliyyətin kimdə olduğunu konkret faktlarla müəyyən etmək vacibdir”.
Səbinə Uğur
"Cebheinfo.az"