Öcalanla görüşən heyətlə danışıqlar təxirə salınıb

PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanla görüşmüş DEM Partiyasının heyəti ilə danışıqlar təxirə salınıb.
Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə açıqlamasında bildirib.
Görüşün DEM Partiyanın həmsədri Sırrı Süreyya Önderin ötən gün infarkt keçirməsi və xəstəxanaya yerləşdirilməsi ilə əlaqədar olduğu bildirilib.
Qeyd edək ki, Sırrı Süreyya Önder 7 İyul 1962-ci ildə anadan olub. O, 2006-cı ildə "Beynəlmiləl" filminin ssenaristi və rejissoru olub. Eyni zamanda, “Sis ve Gece”, “Yeraltı” ,“Manyak”, “Mar” və s. filmlərdə aktyor və ssenarist kimi fəaliyyət göstərib.
Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb. PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib
"Cebheinfo.az"