Tbilisidə üçtərəfli görüş keçirildi - YENİLƏNİB

Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.
Bildirilib ki, görüşdə regional əməkdaşlıq məsələlərinin müzakirə edilməsi gözlənilir.
***
“Sputnik Gürcüstan”ın məlumatına görə, Tbilisidə üçtərəfli görüş başlayıb.
Danışıqlarda Azərbaycan tərəfini Elnur Məmmədov, Gürcüstanı Laşa Darsaliya, Ermənistanı isə Vahan Kostanyan təmsil edir.
Görüşü Gürcüstanın XİN rəhbəri Maka Boçorişvili açıb.
***
Azərbaycan XİN Tbilisidə baş tutan üçtərəfli görüşlə bağlı məlumat yayıb.
Bildirilib ki, bugünkü görüş Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın təşəbbüsü ilə keçirilib:
“İlk növbədə, görüşdə iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan üç Cənubi Qafqaz ölkəsinin ilk üçtərəfli görüşünün keçirilməsini alqışlayıb və üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının imkanlarından hələ də tam şəkildə istifadə olunmadığını bildiriblər.
Görüşün məqsədi regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq kəsb edən sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlıq ümumi problemlərin həllinə dəstək ola və nəticədə Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə və sürətli inkişafına təkan verə bilər. Görüşdə açıq fikir mübadiləsi şəraitində potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim edilib.
Sonda görüş iştirakçıları etimad quruculuğu və dialoqun daha da yüksək səviyyəyə qaldırılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən sözügedən görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini qeyd ediblər”.
"Cebheinfo.az"