Bu şəhərə giriş yenidən pullu olacaq

Bu şəhərə giriş yenidən pullu olacaq

İtaliyanın məşhur turizm şəhəri Venesiya turist sıxlığının qarşısını almaq məqsədilə 5 avroluq giriş haqqını yenidən tətbiq edir.

"Cebheinfo.az" xəbər verir ki, sabahdan etibarən Venesiyanı bir günlük ziyarət etmək istəyənlər 5 avro giriş haqqı ödəməli, son anda ziyarətə qərar verənlərdən isə bu məbləğin iki qatını ödəməsi istəniləcək.

Qeyd edək ki, bu rüsum ilk dəfə 2024-cü ilin aprelində sınaq olaraq tətbiq olunmuşdu. İyul ayında başa çatan sınaq müddətindən sonra, giriş haqqı sabah – 18 aprel 2025-ci ildən etibarən yenidən qüvvəyə minəcək. 

Bu ilki tətbiqdə əsas yenilik ondan ibarətdir ki, səfərə son anda, yəni üç gündən az vaxt qalmış bilet alan şəxslər giriş haqqını ikiqat ödəyəcəklər.

Turist sıxlığının qarşısını almaq məqsədilə bu təcrübəni tətbiq edən Venesiya dünyada giriş pulu alan ilk böyük turizm şəhəri oldu. Bu təcrübə şəhərə gələnlərin sayına o qədər də təsir etməsə də, gözlənildiyindən çox pul qazanıb.

Ötən il şəhərə 29 gün ərzində təxminən 440 min turist daxil olub və bu, şəhərə 2,4 milyon avro gəlir qazandırıb.

Rüsum 5 avro olaraq qalacaq və onlayn şəkildə ödənilə biləcək. Lakin səyahətə üç gün qalmış alınan biletlər ikiqat bahalaşacaq.

Lakin Venesiyada gecələyən turistlər, 14 yaşdan kiçik uşaqlar, yerli sakinlər, şəhərdə işləyən və ya təhsil alan şəxslər bu ödənişdən azad ediliblər.

Xatırladaq ki, ötən il Venesiya və onun bölgəsi rekord sayda ziyarətçi gəlib, 3,9 milyondan çox insan şəhərin tarixi mərkəzini ziyarət etmək üçün gecələyib.

Digər tərəfdən, hər il təxminən 30 milyon insan Venesiyanı ziyarət edir. Yerli xəbər saytı "Venezia Today"-in məlumatına görə, 35 000-dən çox günlük ziyarətçi artıq bilet sifariş edib.

Nigar
"Cebheinfo.az"