Rusiya “Taliban”ı terrorçular siyahısından çıxardı

Rusiya “Taliban”ı terrorçular siyahısından çıxardı

“Taliban” hərəkatı Rusiyada terrorçular siyahısından çıxarılan ilk təşkilat olub. Onun fəaliyyəti 20 il əvvəl Rusiyada qadağan edilmişdi.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun "Taliban"ın fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı iddiasını təmin edib və hərəkatın terror təşkilatları siyahısından çıxarılması barədə qərar verib.

Hakim Oleq Nefedov bildirib ki, qərar dərhal icra olunmalıdır.

"Taliban" 2003-cü ildən Rusiyada terror təşkilatları siyahısına salınıb. Ali Məhkəmənin onun fəaliyyətini qadağan edən qərarında hərəkatın Çeçenistandakı qeyri-qanuni silahlı qruplarla əlaqə saxladığı və terror üsullarından istifadə etdiyi bildirilir. “O, Usamə bin Ladenin dəstəyi ilə Özbəkistan, Tacikistan və Qırğızıstan da daxil olmaqla, Mərkəzi Asiya dövlətlərində islami hərəkatların hakimiyyəti ələ keçirməsi üçün imkanlar axtarırdı”, - deyə məhkəmə qərarında qeyd edilib.

2021-ci ilin avqustunda Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda “Taliban” ölkədə hakimiyyətə gəlib. Əfqanıstan İslam Respublikasının əvəzinə hərəkat üzvləri tarixdə ikinci dəfə “Əfqanıstan İslam Əmirliyi”nin yaradıldığını elan etdilər. “Taliban” qadınların hüquq və azadlıqlarını şəriət qanunları çərçivəsində təmin edəcəklərinə söz verib. Rusiya da bir sıra başqa ölkələr kimi hərəkata siyasi tələblər irəli sürüb, ilk növbədə hakimiyyətin inklüzivliyi və elementar insan hüquqlarına riayət olunmasını tələb edir. Rusiya rəsmiləri ilə “Taliban” arasında siyasi təmaslar davam edir. Ötən ilin yanvarında xarici işlər naziri Sergey Lavrov Rusiyanın “Taliban”la təmasda olduğunu, lakin siyasi öhdəliklərini yerinə yetirməyənə qədər hərəkatın yaratdığı hökuməti tanımayacağını bəyan etmişdi.

2024-cü ilin mayında Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi prezident Vladimir Putinə “Taliban” hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat verib. Agentliklər “Taliban”ın Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini və orada real güc olduğunu qeyd ediblər. Prezident bu təşəbbüsü şərh edərkən deyib ki, Kabillə münasibətlər necəsə qurulmalıdır.

2023-cü ildə “Taliban” Qazaxıstandada  terror təşkilatları siyahısından çıxarılıb, 2024-cü ilin sentyabrında isə Qırğızıstanın Baş Prokurorluğu respublikada qadağan olunmuş təşkilatların reyestrini yeniləyərək “Taliban”ı oradan çıxarıb.

"Cebheinfo.az"