İmkanı olan da, olmayan da azı 25 manat verməlidir: Bəs araşdırma hara itdi?

“2024-cü ilin avqustunda bütün əsas provayderlər, dövlət və özəl provayderlər eyni anda internetin minimal qiymət həddini 25 manata qaldırdı.
Bu kollektiv qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "kartel sövdələşməsi" və "vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması" kimi qiymətləndirildi və araşdırma başladıldı. Üstündən 9 ay keçib. Hələ də nəticə yoxdur”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İKT üzrə mütəxəssis Osman Gündüz deyib.
Onun sözlərinə görə, bu müddət ərzində internet bazarında əsaslı struktur dəyişiklikləri baş verib:
““Aztelekom” nazirliyin tərkibindən çıxarılıb və “AZCON Holdinq”in tərkibinə qatılıb, bazardakı bütün dövlət provayderləri “Aztelekom”-un ətrafında birləşdirilib. Nəticədə “Aztelekom” internet bazarının 60%-nə nəzarət edən, hər ay yalnız internet xidmətlərindən 70 milyon manatdan çox gəlir əldə edən bir nəhəng dövlət şirkətinə çevrilib.
AZCON tərkibində olan “Aztelekom”-un regionlar üçün yeni internet tarifləri müəyyən edəcəyi ilə bağlı fikirlər səslənsə də, hələlik bu istiqamətdə konkret addımlar yoxdur. Ucdantutma hamı - tələbatı olan və olmayan, bizneslə məşğul olan və olmayan, imkanı olan və olmayan hamı minimal 25 manat verməlidir. “Azercell”-in də dövlətə məxsus olduğunu nəzərə alsaq, ölkədə internet bazarında dövlətin payı bəlkə də 80%-ə yaxınlaşıb.
Bəs bu təmərküzləşməyə ölkədə rəqabətə cavabdeh qurum nə deyir? Rəqabətə nəzarət etməli olan, statusu daha da yüksələn qurum – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – nə qiymət artımına, nə də bazarda yaranmış dominant mövqe ilə bağlı cəmiyyətə açıqlama verib. İndi biz ölkənin telekom və internet bazarında formalaşan yeni mühiti necə dəyərləndirək, Antiinhisar buna nə deyir?”
Xəzər
“Cebheinfo.az”