Milli peyvənd təqvimi: “İPV-ə qarşı vaksinin...”

Son zamanlar Azərbaycanda İnsan papilloma virusuna (İPV) yoluxanların sayı çoxalıb.
"Cebhe.info" xəbər verir ki, ginekoloqlar qadınları virusa qarşı peyvənd olunmağa çağırıb.
Belə ki, İnsan papilloma virusu cinsi yolla keçən xəstəliklərdən biridir.
Mütəxəssislərin sözlərinə görə, cinsi həyata başlamamış və sözügedən virusu daşımamış bir qadına vurulan İPV peyvəndi xərçəngə səbəb olan viruslara qarşı100 faiz effektivdir. Bu peyvənd adətən 3 dozada tətbiq olunur.
İPV peyvəndi həm qızlara, həm də oğlanlara 11-12 yaşdan başlayaraq tətbiq edilə bilər. Avstraliya, Kanada, Norveç, Portuqaliya, Finlandiya, Danimarka kimi ölkələrdə məktəblər peyvəndi pulsuz həyata keçirir. 2019-cu ildən Azərbaycanda Milli Onkologiya Mərkəzində də İPV-yə qarşı vaksin tətbiq olunmağa başlanıb.
Lakin ölkədə İPV-ə qarşı peyvənd milli peyvənd təqviminə əlavə edilməyib deyə, ödənişlidir. 3 dozadan ibarət olan peyvəndin ümumi qiyməti 1000 manata yaxındır. Lakin bu məbləği ödəməyə maddi imkanı çatmayan insanlar da var.
Maraqlıdır, İPV-ə qarşı vaksinin milli peyvənd təqviminə əlavə edilməsi nəzərdə tutulur?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, İPV-ə qarşı vaksinin milli peyvənd təqviminə əlavə edilməsi gələcəkdə nəzərdə tutulur.
Ləman İsmayıl
"Cebhe.info"