Tramp İrana zərbə endirmək niyyəti barədə Putinə məlumat verib?

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp son söhbətlərində dəfələrlə İsrail-İran münaqişəsini müzakirə ediblər, lakin Amerika lideri rusiyalı həmkarına İslam Respublikasına zərbə endirmək niyyəti barədə məlumat verməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Heç bir detallı məlumatlandırma olmayıb. İran mövzusu prezidentlər tərəfindən son danışıqlarda dəfələrlə müzakirə olunub, Rusiya müəyyən təkliflər səsləndirib, lakin bu barədə birbaşa ətraflı məlumatlandırma olmayıb”, - Kremlin sözçüsü Peskov əlavə edib.
Peskov Putinlə Tramp arasında yaxın vaxtlarda təmasların mümkünlüyü barədə danışıb. Bildirib ki, Putinlə Amerika lideri arasında istənilən vaxt təmaslar mümkündür: "Prezidentlər məqsədəuyğun hesab edərsə, təmaslar hər an mümkündür. Hazırda bununla bağlı plan yoxdur".
"Cebheinfo.az"