Rusiya İran PUA-ları ilə HÜCUMA KEÇDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun 159 ədəd pilotsuz uçuş aparatı (PUA) və Şimali Koreyaya məxsus ballistik raketlər daxil olmaqla, ümumilikdə 16 raketlə hücum etdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Zelenski “Telegram” hesabında paylaşdığı yazılı açıqlamada rusların gecə saatlarında Ukraynanın paytaxtı Kiyev və ölkənin müxtəlif bölgələrinə raket və PUA-larla hücum etdiyini bildirib.
O, hücum zamanı 159 PUA və 16 raketin istifadə edildiyini, ilkin məlumatlara görə isə Şimali Koreyaya məxsus ballistik raketlərin də tətbiq olunduğunu qeyd edib. Prezident istifadə olunan raket və PUA-ların əksəriyyətinin havada məhv edildiyini və Kiyevə edilən hücum nəticəsində 5 yaşayış binasının zədələndiyini vurğulayıb.
Zelenskinin sözlərinə görə, son məlumatlara əsasən hücum nəticəsində Kiyevdə 6 nəfər həyatını itirib, axtarış-xilasetmə işləri isə davam edir. O, Rusiyanın ABŞ-nin İranın nüvə proqramına etdiyi hücuma cavab verdiyini və Ukraynaya İranda istehsal olunan “Şahed” tipli PUA-larla hücum etdiyini qeyd edib:
“Moskva bu gün Rus ordusunun Rusiya-İran istehsalı olan “Şahed” PUA-sı və raketlərlə Kiyevə, digər şəhər və yaşayış məntəqələrinin mülki infrastrukturuna qarşı hücumundan sonra susqunluğunu qoruyur”.
Zelenski bu gün Böyük Britaniyada görüşlər keçirəcəyini və bu görüşlərdə Rusiyaya qarşı təzyiqlərin artırılması məsələlərini müzakirə edəcəyini bildirib. Kiyev meri Vitaliy Kliçko isə Telegram hesabında etdiyi açıqlamada, Rusiya ordusunun paytaxta endirdiyi hücum nəticəsində 19 nəfərin yaralandığını qeyd edib.
Nigar Hacılı
"Cebheinfo.az"