Qızların təhsil haqqını dövlət ödəsin? - “Qızın qardaşı varsa...”

Qızların təhsil haqqını dövlət ödəsin? - “Qızın qardaşı varsa...”

Təhsilli bir cəmiyyətə sahib olmaqda ən vacib amil qızların təhsilə yiyələnməsidir.

Bu gün ölkədə orta təhsilin icbari olması qızların təhsilində mühüm rol oynasa da, zaman-zaman təhsil səviyyəsində müəyyən fərq qözünü göstərib. Bəzi regionlarda 9- cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma olub. Bu da erkən nikah və ya qızların təhsildən uzaq tutulması tendensiyalarından xəbər verir. Bugünlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib ki, 2021-2022-ci tədris ilində 11 erkən nikah qeydə alınıb. Onun sözlərinə görə, həmin nikahlardan 6-sı Qaradağ, 3-ü Xəzər, 1-i Nərimanov, 1-i isə Nəsimi rayonunda olub. Beləliklə, mövcud problemlərlə bağlı bu gün ölkədə qızların həm orta, həm ali təhsil alması üçün daha çox təşviqə, dəstəyə ehtiyac var.

Milllət vəkili Razi Nurullayev belə bir təkliflə çıxış edib ki, qızların təhsil haqqını dövlət ödəsin: “Təhsilli qadın güclü cəmiyyət, güclü dövlət deməkdir”.

Qızların təhsilə cəlb edilməsində ölkəmizdə belə layihələrin gerçəkləşdirilməsi mümkündürmü?

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Cebhe.info-ya bildirdi ki, ölkədə qızların təhsili ilə bağlı nazirliyin formalaşdırdığı fond var. Bu yaxınlarda onların təşəbbüsü ilə maraqlı bir layihə həyata keçirilib:

“Bu tədbir məhz qızların təhsili və onlara təqaüdlərin verilməsi ilə bağlı idi. ümumiyyətlə, bu istiqamətdə daha geniş olmasa da, müəyyən işlər görülür. Ancaq qanunvericiliyə salınsa ki, qızlar dövlət hesabına ali təhsil alsın, bu, bir qədər diskriminativ yanaşma olacaq. Çünki insan hüquqları baxımından fərqi yoxdur, təhsil hüququ da konstitusion, hər kəsə verilən hüquqdur. Ancaq müqayisələndirə bilərik ki, qızların təhsilinə nə qədər imkanlar yaradılıb. Bu baxımdan qızların təhsilinin təşviq edilməsi, fondların çoxalması, dövlətin bu sahəyə bərabər imkanlar üçün şərait yaratması ola bilər. Bizdə qadınların təhsili məsələsində söhbət təhsilin davamlılığından gedir. Məsələn, Türkiyədə qızların təhsillə bağlı problemi var. Belə ki, məktəb problemi var, bəzilərin ailələri təhsil almağa imkan vermir. Ona görə onlarda “Baba beni okula gönder” kampaniyası var idi. Ancaq bizdə davamlılıq problemi var. Qızlar orta məktəbə gedirlər, doğrudur, getməyənlər də var. Bizə müraciətlər olur, görürük ki, qız məktəbə cəmi 1, 2 sinif gedib”.

Eskpert burada bir neçə qurumun hərəkətsizliyindən söhbət getdiyini bildirib:

“İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanlarla iş şöbəsi, təhsil qurumunun nəzarəti davamlı olaraq bu prosesi nəzarətdə saxlamalıdır. Ən böyük problem bizdə qız uşaqlarının təhsilə davamiyyətidir ki, məsələn, orta məktəbi bitirəndən sonra ali təhsil almaları, peşə təhsilinə davam etmələri və s. Eyni zamanda, yanaşma fərqlidir. Bizdə qızın təhsilinə onun diplomunun cehizə qoyulacaq atribut kimi yanaşılır. Ancaq o təhsil alsın, işləsin, qazansın, öz ayaqları üzərində dursun, yəni bizim foksumuz daha çox buna uyğun olmalıdır. Çünki Azərbaycan kontekstindəki qızların təhsili ilə dünyadakı qızların təhsil konteksti fərqlidir. Etiraf edək ki, bizdə qızlar məktəbə gedir. Bizdə ataların “qızlar məktəbə getməsin” fikri kütləvi deyil. Bizdə 9-11 sinifdə davamiyyət itir. Ya da onların erkən nikah problemi var. Bu, yalnız cənubla məhdudlaşmır. Təəssüf ki, Azərbaycanda QHT-lərdə gölgə hesabatlarını hazırlayacaq kifayət qədər maliyyə yoxdur. Dövlət qurumlarının hazırladığı statistik hesabatlarda kifayət qədər istifadə olunan metodologiyada suallar yaranır ki, bu, həqiqəti əks etdirirmi? Çünki biz dərin analizlərdən, əhali ilə birbaşa işlərdən danışırıq. Bu baxımdan hesabatlar hazırlansaydı, aydın görərdik, təxminlərə əsaslanmazdıq”.

Şura sədrinin sözlərinə görə, regionlarda işləyərkən apardıqları araşdırma onu göstərir ki, qız uşaqlarının ən böyük problemi gələcəkdəki təhsildə bərabər imkanların yaradılmamasıdır:

“Məsələn, qızın qardaşı varsa, sadəcə qardaşının məktəbə getməsi üçün çalışılır. Yəni onun hazırlığı, gələcəkdə təhsil alıb ailəni dolandırması kimi bir baxış var. Biz qanunu dəyişməklə baxışı dəyişə bilmərik. O baxımdan biz baxışı, insanların yanaşmasını da dəyişməliyik. Bütün sistem buna işləməlidir. Məsələn, kəndə həkim gələcək və bu, kişi, yaxid qadın həkim ola bilər. Adətən bizim regionda kişi həkimlərin yanına qadınlar getmir. Bu, onların səhhətlərində də problem yaradır. Yəni bu cür çatdırmaq lazımdır ki, təhsil sizin özünüzə xeyir gətirəcək. Yaxud ailə deyir ki, mənim imkanım yoxdur, qızı tez ərə verim, orda yaşasın, baxa bilmirəm. Sonra qız boşanır, iki uşaqla atasının evinə qayıdır, yenə də valideyn onu saxlamaq məcburiyyətindədir, çünki qıza təhsil verməyib. Bu əlaqəli problemlərin üzərində işləmək lazımdır. Birtərəfli yanaşma ki, qızların təhsil haqqını qarşılayırıq, gedib təhsil alsınlar, bu, məsələnin həllinə gətirib çıxarmayacaq. Ondan sonra da başqa sosial problemlər meydana çıxacaq. Dəstək üçün dövlət paketləri olmalı, özəl şirkətlər bu prosesdə iştirak etməlidir. Özəl şirkətlər bu prosesdə iştirak etməsə, sabah nə keyfiyyətli işçi əldə edə biləcəklər, nə də məhsullarını satacaq normal rifahı olan əhali olmayacaq. Özəl şirkətlər fondlar yaratsınlar, gedib Avropa, Amerika nümunələrinə baxsınlar, görsünlər ki, bu fondlar nə qədər iş görür”.

Nigar Abdullayeva
Cebhe.info