Ukraynanın parçalanması planı işə düşür

ABŞ Nümayəndələr Palatası HƏMAS-a qarşı mübarizədə İsrailə 14,3 milyard dollar yardımın ayırılmasına dair respublikaçı konqresmenlərin təqdim etdiyi qanun layihəsini qəbul edib.
Sənəd 226 əleyhinə olmaqla, 196 səslə əsasən partiya xətti ilə qəbul edilib. Əksər respublikaçılar qanun layihəsini dəstəkləsə də, demokratlardan ibarət çoxluq əleyhinə çıxıb. Ona görə də sənədin Senatda qəbul olunmayacağı ehtimalı var. Hətta bəzi demokrat konqresmenlər İsrailə ayrılan yardımın Senatdan keçəcəyi təqdirdə belə, Prezident Bayden tərəfindən icrasına veto qoyulacağını bildirir.
Artıq Co Bayden sənədi təsdiqləməyəcəyi ilə hədələyib. Senatdakı demokrat çoxluğun rəhbəri Çak Şumer respublikaçıların qəbul etdiyi yardım paketini müzakirəyə çıxarmayacağını deyib. Bu isə respublikaçıların Ukraynaya yardım paketi ilə təkliflərin üzərindən sükutla keçməsi ilə bağlıdır.
Ümumiyyətlə, Ukraynaya maddi dəstək məsələsində demokratlar və respublikaçılar arasında fikir ayırılığı artır. Bu, həm də Konqresdəki müxalifətin Ağ Evə təzyiqlərinin artması ilə müşahidə olıunur. Ona görə də hadisələrin gedişi Ukraynada ciddi narahatlıqla izlənir. Çünki bir ildən sonra ABŞ-da həm prezident, həm də Konresə aralıq seçkilər keçiriləcək.
Respublikaçılar Partiyasının qələbəsi Ukraynaya yardımların dayandırılması ilə nəticələnıə bilər. Bu da Rusiyaya qarşı Qərb koalisiyasının dağılması, yəni Ukraynanın müharibədə məğlub olaraq parçalanması deməkdir. Hazırda respublikaçılar daha çox ABŞ-ın İsrailə dəstək verməsini vacib hesab edir.
Qeyd edək ki, Prezident Bayden bundan əvvəl Konqresdən İsrail, Tayvan və Ukraynaya maliyyə, habelə humanitar yardım daxil olmaqla, 106 milyard dollarlıq təcili maliyyə yardımı paketini təsdiqləməyi xahiş edib.
Şumer bildirib ki, Senat daha geniş prioritetləri əhatə edən ikitərəfli qanunvericiliyə baxacaq. Nümayəndələr Palatasının qanun layihəsindəki vəsaitlərə İsrail ordusu üçün milyardlarla dollar, o cümlədən raket təhlükələrinə qarşı “Dəmir Günbəz” və “David Sapandı” adlı müdafiə sistemləri üçün 4 milyard, “Dəmir işıq”ların hazırlanması məqsədilə 1,2 milyon dollar daxildir.
Qanun layihəsində həmçinin ABŞ anbarlarından müəyyən növ hərbi texnikanın verilməsi nəzərdə tutulur. Senatdakı demokratlar Ukraynaya və Tayvana yardımın İsraillə eyni paketdə ayrılmasında israr edir. 2024-cü ilin dövlət büdcəsinə dair qanun layihəsinin yaxın vaxtlarda ABŞ Konqresində müzakirəyə çıxarılacağı gözlənilir. Respublikaçılar büdcə kəsiri amilini qabartmaq və Bayden administrasiyasına təzyiqləri artırmaq üçün Ukraynaya yardımların kəskin azaldılmasını təklif edəcəklər. Bu isə Qərbdən daha müasir silahlar və əlavə maliyyə dəstəyi almaq istəyən Ukrayna üçün ciddi problemlər yarada bilər.
Prezident Bayden hazırda respublikaçılara müqavimət göstərsə də, seçkilər öncəsi diqqəti daha çox daxili iqtisadi vəziyyətin yaxşılaşdırılmasına yönəltməlidir. Ona görə də 2024-cü il Ukrayna üçün Rusiya ilə müharibədə vəziyyət ağır olacaq.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Zalujnının bu günlərdə mediada əks-hücum əməliyyatlarının istənilən nəticə vermədiyinə görə Qərbi tənqid etməsi Kiyevin yardımların səviyyəsindən narazı olduğunu göstərir. Ağ Evin 106 milyard dolların 61,4 milyard dollarını Ukraynaya ayırmaq istəsə də, Konqrtesdən tam dəstək ala bilməməsi ABŞ-da hökumət böhranının baş verməsi üçün əsas yaradır.
Co Bayden hesab edir ki, İsrailə yardımın artırılması onsuz da yüksək olan dövlət borcunun məbləğini şişirdə bilər. Bu arada Senat ümid edir ki, onlar İsrail, Ukrayna, Asiya-Sakit okean regionunu birləşdirən və sərhəd təhlükəsizliyini gücləndirən öz “meqa-paketlərini” inkişaf etdirə biləcəklər. Bundan başqa, hər iki palata hələ də hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilmir. Əks təqdirdə, noyabrın 17-də hökumət fəaliyyətini qismən dayandıracaq.
Müşfiq Abdulla
Cebhe.info