Azərbaycanda müəllim olmaq çətinləşir

Azərbaycanda müəllim olmaq çətinləşir

Son günlər ən çox müzakirə olunan mövzulardan biri ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təkrar sertifikasiya imtahanlarında göstərdiyi nəticələrlə bağlıdır.

Belə ki, bu il iyun ayının 8-də isə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7 296 müəllim iştirak edib. İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

Təhsil İnstitutu tərəfindən paylaşılan sertifikasiya imtahanında istifadə olunmuş test tapşırıqlarına nəzər saldıqda sualların çox asan olduğunu, sadəcə müəllimlərin onları cavablandıracaq qədər biliklərinin olmadığını görmək mümkündür. 

Qeyd edək ki, təkrar sertifikasiyadan keçməyən müəllimlərin bir qismi artıq uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğuldur. Bu isə onu göstərir ki, həmin müəllimlər bir neçə il öncə əmək fəaliyyətinə başlayıblar. Son günlər səslənən fikirlərdən biri də odur ki, sertifikasiyadan kəsilən müəllimlər həmin dövrdəki təhsil nazirinin vəzifədə olduğu müddətdə çalışmağa başlayıblar.

Onların əksəriyyəti təhsilini müxtəlif orta ixtisas təhsili müəssisəsində alıblar. Artıq həmin dövrdən xeyli müddət keçib və bu müəllimlər tədrislə məşğul olublar. Hazırda isə öz tədris etdikləri fəndən sualları cavablandıra bilmirlər. 

Maraqlıdır, əgər Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanının sualları daha da çətinləşdirilərsə, onların sertifikasiya imtahanından keçməmək ehtimalı azala bilərmi? 

Təhsil üzrə ekspert Cahid İmanlı “Cümhuriyət”-ə bildirib ki, əslində MİQ imtahanının çətinləşdirilməsi doğru deyil:

“Çünki hər bir imtahanın özünün ağırlıq dərəcəsi olmalıdır. Həm də sualların qoyuluşu əzbərçiliyə əsaslanmamalıdır. Eyni zamanda, istər MİQ, istər sertifikasiya imtahanlarında ümumi bir statistik nəticə ondan ibarətdir ki, əgər 15-20 faiz uğur qazanmırsa demək burada imtahanlar çətin olsa belə, 50 faizdən yuxarı uğur qazananlar varsa, bu, artıq baş tutmuş sayılır.

Yəni nə qədər sualların çətin, ağır olduğunu tənqid etsələr də, əgər 50-60 faiz istər sertifikasiya, istər MİQ imtahanlarında uğur qazanırsa, demək, problem çətin sualı yazmayanlardadır. Sertifikasiyadan uğur qazana bilməyən müəllimlərlə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatı var ki, onlar vaxtilə Astara Pedaqoji Texnikumu kimi texnikumları bitirən məzunlardır. Onların oraya hansı yolla qəbul olunması məlum deyil. Yəni DİM deyil, bir başqa yollarla qəbul olublar. Əksəriyyət isə kollec tələbələri təşkil edirdi.

Son illərdə MİQ imtahanı ilə qəbul olan müəllimlərin bir problemi pedaqoji ustalıqdır. Yəni dərsi, fənni bilmək kifayət etmir. Eyni zamanda pedaqoji bacarıqlar da lazımdır. Təəssüflər olsun ki, bizdə pedaqoji bacarıqları tam ölçə bilmirlər. Ancaq suallar vasitəsilə ölçürlər, bu da düzgün deyil”.

Ekspert deyir ki, MİQ imtahanlarının çətinliyi o demək deyil ki, savadlı kadrlar gələcək:

“İndi imtahanlar kifayət qədər çətindir. Sertifikasiya imtahanlarının keçirilməsi müəllimlərin öz üzərində işləməsini şərtləndirir. Sertifikasiya imtahanları keçirilməzsə, müəllimlər öz üzərlərində işləməzlər.

Sertifikasiyadan kəsilənlərin əksər faizi kolleclərin məzunlarıdır. Bu gün müsbətə doğru işlər görülür. Ancaq boşluqlar da var. Sualların salınmasında, yeni qəbul metodlarının işlənməsində bu boşluqlar özünü göstərir. Hazırkı proses üçün görülən işləri müsbət dəyərləndirmək lazımdır”. 

Nigar Abdullayeva
"Cebhe.info"