Azərbaycanda uşaqlarla bağlı yenilik olacaq

Azərbaycanda uşaqlarla bağlı yenilik olacaq

Elm və Təhsil Nazirliyi uşaq hüquqları sahəsində mövcud problemlərin aradan qaldırılması üçün konsepsiya hazırlayır. 

Bu barədə Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişaf siyasətinin şöbə müdiri Elnur Əliyev "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfransda məlumat verib. Onun sözlərinə görə, bullinq mövzusu Elm və Təhsil Nazirliyinin diqqətindədir: 

"Nazirlik çalışır ki, bu mövzu barədə hər hansı siqnallar olmasın. Bu ildən nazirlikdə Uşaq və gənclərin inkişaf siyasəti şöbəsi yaradılıb. Uşaq hüquqları sahəsində mövcud problemlərin aradan qaldırılması üçün konsepsiya hazırlayırıq. Həmin konsepsiyada uşaq hüquqları, həmçinin uşaqlar üçün sağlam mühit yaratmaq məqsədilə valideynlər üçün təlimlər nəzərdə tutulur. 

Məktəblərdə psixoloji və zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər görülməsi, monitorinqlərin gücləndirilməsi planlaşdırılır. 

Konsepsiya hazırlanıb təsdiqləndikdən sonra məktəblərə göndərəcəyik". 

Məsələ ilə bağlı "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycan uşaqlarının bərabər imkanlardan bərabər bəhrələnməməsi problemi var: 

"Tutaq ki, bir valideyn uşaqları üçün bütün imkanları yarada bilsə də, digəri bu imkandan bəhrələnə bilmir. Bunun üçün isə mövcud resurslar, pulsuz kurslar və imkanlar barədə valideynlər arasıdna məlumat kampaniyaları geniş olmalıdır. Ölkədə uşaq mərkəzləri olsa da, bu mərkəzlərən bütün uşaqların bərhələnməsi üçün imkanların limiti var. Belə ki, bir mərkəz yüz uşağı əhatə edə bilər, amma təlabat daha çoxdur. Belə olan halda proqnozlaşma və statistik rəqəmlər düzgün aparılmalı və uşaq mərkəzləri tələbi diqqətdə saxlamaq üçün əlavə büdcə əldə edə bilməlidir". 

Mehriban Zeynalova qeyd edib ki, uşaq mərkəzləri daha çox paytaxtda yerləşir:

"Rayonlar və ucqar kəndlərdə belə mərkəzlərin ya sayı az olur, ya da ümumiyyətlə, olmur. Bu isə uşaqlar üçün bərabər imkanlara çıxışı məhdudlaşdırır. Uşaqlara qarşı zorakılıq da aktual problemlərdəndir. 

Radikal dini kəsimlər tərəfindən bəzən uşaqların təhsildən yayındırılması faktları da ortaya çıxır. Qeyd edim ki, uşaq və sağlamlıq məsələsi də ciddi mövzudur. Bu da diqqət mərkəzində saxlanılmalıdır. Dərman preparatlarının baha olması səbəbindən onları almaq bəzən hər ailə üçün mümkün olmur, bu da öz növbəsində uşaqların sağlamlığına təsirsiz ötüşmür. Rusiyada belə təcrübə var ki, uşaqlar üçün sosial proqram kimi bir sıra dərmanlar pulsuz verilir. 

Bizdə də belə sosial proqramın olması yaxşı olar". 

Ləman İsmayıl 
"Cebheinfo.az'