"Kəsilən" müəllimlərin yerini dolduracaq şəxslər marketlərdə gözləyir

"Kəsilən" müəllimlərin yerini dolduracaq şəxslər marketlərdə gözləyir

İyunun 21, 22 və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili 236, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur. 

Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib. Qeyd edək ki, 21 iyunda keçiriləcək növbəti sertifikasiya imtahanının nəticələrinin digər imtahanlardan daha “ağır” olacağı barədə fikirlər səslənir. 

Bəzi ekspertlər də bu fikirdədir ki, bugünlərdə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənlərindən təkrar sertifikasiya imtahanından 4 minə yaxın müəllim keçə bilməyibsə, ölkədə, xüsusilə də bölgələrdə xarici dili zəif bilən müəllimlər bu imtahanda müsbət nəticə göstərə bilməyəcəklər. Belə olan təqdirdə alternativ variant, yəni onları əvəz edəcək kadr potensialı varmı? 

Təhsil üzrə ekspert Elşən Qafarov “Cümhuriyət”-ə  bildirib ki, sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsini, peşə yararlılığını yoxlayır:

“Müəllimlik peşəsinə yararlı olmayanlar sertifikasiyadan keçə bilmirlər. Hətta I mərhələdən kəsilənlərə 1 il əlavə vaxt, şans verilir. Hər ikisindən keçə bilməyənlərin müəllimlik hüququ əlindən alınmır, onların əmək müqaviləsinə xitam verilir və onlar doğrudan da müəllim işləmək istəyirlərsə, qanunvericilik onların bu hüququnu məhdudlaşdırmır.

Onlar hazırlaşıb  MİQ müsabiqəsinə gedib, müvafiq vakant yerlər üzrə uğur qazana bilərlər. Növbəti sertifikasiyadan gözləntimiz odur ki, peşəkarlığı daha zəif olan müəllimlər keçə bilməyəcək və nəticədə təhsil sistemi qazanacaq. Həmin müəllimlər təkrar sertifikasiyadan da keçə bilməsələr, əmək müqaviləsinə xitam veriləcək və əvəzinə yeni, daha peşəkar müəllimlər gələcək.

Bu sistem bundan sonra da belə davam edəcək. Əgər müəllim sertifikasiyadan keçə bilmirsə, demək, sistemə uyğun deyil. Sertifikasiyanın nəticəsi onu göstərir. Əgər işləmək istəyirsə, gedib hazırlaşıb, yenidən MİQ imtahanı ilə gələ bilər".

O,  "Alternativ hansı yol ola bilər?" sualına belə cavab verib: "Ən böyük problem ucqarlardadır.  Vaxtilə kolleclərin xarici dil ixtisasını bitirib, xarici dildə bir cümlə belə bilməyənlər illərdir ki, xarici dil müəllimi kimi çalışırlar.

Biz birmənalı şəkildə şagirdləri fikirləşmirik, bir müəllimin 400-600 manat əməkhaqqı alacağını fikirləşirik. Bəs onun illərlə “kor qoyduğu, təhsil almaq hüququnu məhv etdiyi o uşaqları niyə düşünmürük?  Ən azı, o müəllim özü başa düşməlidir ki,  bu peşəyə yararlı deyilsə, könüllü ərizə verib getməlidir. Sertifikasiya onu yoxlayır, yararlıdırsa, işinə davam edəcək.

Əgər müəllim qeyri-peşəkardırsa, sertifikasiyadan keçə bilmirsə, niyə hökmən müəllim işləməlidir. Sonra da deyirik ki, təhsil bərbaddır, pis vəziyyətdədir. Biz i övladlarımıza daha peşəkar, daha bilikli, daha bacarıqlı müəllimin dərs deməsini istəyiriksə,, onda sertifikasiyanı bütün varlığımızla dəstəkləməliyik. 

Sertifikasiyadan kəsilən müəllim nəinki müəllim kimi çalışmağa yararlı deyil, demək, illərlə dövlətdən aldığı əməkhaqqı da doğru deyilmiş. İllərlə təhsil almaq hüququnu məhv etdiyi şagirdlərin də onun boynunda haqqı var. Ona görə biz daha çox şagirdləri düşünməliyik.

Ölkədə  bütün fənlər üzrə kadr hazırlığı ilə məşğul olan ali məktəblərimiz var, kadrlar kifayət qədərdir və hazırda 60 minə yaxın pedaqoji sahədə təhsil alan müəllim işsizdir. Onların bir çoxları marketlərdə, müxtəlif özəl sektorda çalışır ki, vakansiyalar yaransın, yerlər boşalsın və onları gəlib müvafiq yerləri götürə bilsinlər. Kadr sahəsində problem yoxdur  və 45 ali məktəbdən 22-si pedaqoji kadr hazırlayır”.

Nigar Abdullayeva
"Cebhe.info"