Toylarda necə yeyək ki, zəhərlənməyək?

Toylarda necə yeyək ki, zəhərlənməyək?

Son günlər şadlıq saraylarında kütləvi zəhərlənmə halı qeydə alınır.

Belə ki, bir neçə gün öncə Ağstafada toy yeməklərindən 40-dan çox adam zəhərlənib. Zəhərlənməyə səbəb köhnə qidalar və isti hava şəraiti göstərilir. Bundan əvvəl də bənzər hadisələr qeydə alınıb.

Maraqlıdır, şadlıq saraylarında, toyxanalarda necə qidalanmaq lazımdır ki, zəhərlənməyə məruz qalmayaq? 

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Cümhuriyət”-ə bildirib ki, yay aylarında zəhərlənmələrin sayı digər fəsillərə görə daha çox olur: 

“Xüsusilə də bu, kütləvi qidalanma yerlərində, məclislərdə və restoranlarda daha çox özünü göstərir. Çünki çox miqdarda qida hazırlanır və xüsusilə də temperatur rejiminin yüksək olduğu bir vaxta soyuducuda saxlanılmalı olan, yüksək risk qrupuna aid  qidalar açıq hava şəraitində saxlanılır. Bu da onların tərkibinin pozulmasına, kimyəvi və bioloji dəyişikliyə, son nəticədə zəhərlənməyə səbəb olur.

Yüksək risk qrupundan olan qidalara nümunə olaraq birinci növbədə mayonezli salatları göstərmək lazımdır. 

Çünki onlarda bişirilmiş tərəvəzlər, eyni zamanda zülal tərkibli ət və mayonezdən istifadə olunur ki, bu qidalar da uzun saat əvvəldən hazırlandığı üçün açıq havada qaldıqda insan orqanizmində bir çox fəsadlara gətirib çıxarır”. 

Onun fikrincə, bu kimi qidalardan istifadə yay mövsümündə mümkün qədər azaldılmalıdır: 

“Belə qidaların soyuq temperaturda saxlanılması və artıq süfrəyə verildiyi an qarışdırılması tövsiyə olunur”. 

M. Hüseynova vurğulayıb ki, bəzən məclislərdə bir neçə saat əvvəldən qidalar hazır vəziyyətdə masalara düzülür: 

“Bu da onların uzun müddət qalıb xarab olmasına gətirib çıxarır. Bəzən də mayonez açıq temperaturda qaldıqda, keyfiyyəti aşağı düşür və insan orqanizmdə zəhərlənməyə səbəb olur. Mayonezlərin üzərində bəzən 3-6 ay ərzində istifadə olunması göstərilsə də, məclislərdə böyük çəkilərdə olan qablaşdırmadan istifadə olunur. Onlardan da qapağı açıldıqdan sonra uzun müddət istifadə edirlər. Müddəti keçmiş məhsulların istifadə olunması riskləri də artırır”. 

Həmsöhbətimiz bildirib ki, bir çox qarışıq yeməklərin qəbulu həzm prosesinin çətinləşməsinə və sağlamlıq problemlərinə yol açır: 

“Bu səbəbdən yaxşı olar ki, qızartma yeməklərdən çox istifadə olunmasın. Bir neçə çeşid ətdən istifadə etdikdə, bu, insan orqanizmdə həzm probleminə, maddələr mübadiləsinin aşağı düşməsinə səbəb olur. Yağda qızardılan yeməklər, qovurmalar, qızartmalar  öncədən hazırlandığı üçün köhnə yeməklər siyahısındadır. İmmun sistemi zəif olan, xroniki xəstə, azyaşlılarda, həssas qrupa aid olanlarda və eyni zamanda da yuxarı yaşlı insanlarda sağlamlıq problemləri yarada bilər”. 

M. Hüseynova qeyd edib ki, qidalarla birlikdə qazlı, rəngli içkilərdən istifadə vəziyyəti daha da ağırlaşdırır: 

“Çünki həmin qidaların tərkibindəki kimyəvi qatqılar insan orqanizmində  zəhərlənməyə və bir çox problemlərin yaranmasına gətirib çıxarır. Ona görə əksər hallarda insanlar toy məclislərindən sonra mədədə ağırlıq, şişkinlik, hətta bir neçə gün sonra baş ağrısı, qarın nahiyəsində ağrılardan şikayət edirlər. Bu da qidalanma rejiminin pozulması deməkdir. Köhnə qidaların qəbulu və yaxud da təzə qidalardırsa, düzgün şəkildə saxlanılmaması, tərkibinin pozulması, xarab olması belə hallar yaradır”. 

O, toy məclislərində zəhərlənmələrdən qorunmaq üçün qarışıq, qarışdırılmış tərəvəzli, ətli qidalar və salatlardan uzaq dayanmağı tövsiyə edib: 

“Daha təzə bişən və bişirildiyi an da servis olunan məhsullar, daha az yağda bişmiş məhsullar və təzə tərəvəzlərdən hazırlanan salatlardan istifadə edin. 

Xüsusilə də bu qaydalara yay mövsümdə daha çox əməl edilməlidir ki, zəhərləmələrdən uzaq qala bilək”. 

Həsən Məmmədov
"Cebhe.info"