Xankəndidə yeni yaşayış binaları TİKİLƏCƏK

Xankəndidə yeni yaşayış binaları TİKİLƏCƏK

“Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti quruculuq işləri çərçivəsində yeni yaşayış binaları inşa ediləcək”.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bunu Xankəndidə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib.

O bildirib ki, Xankəndi şəhərində inşa edilən yaşayış binalarının əksəriyyəti ötən əsrin 1950-1960-cı illərində inşa olunub: 

“Şəhərin müxtəlif küçə və prospektlərində yerləşən və o zamanlar Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə tikilmiş hündürmərtəbəli yaşayış binalarının əksəriyyəti artıq istismar müddətini başa vurub.

Əksəriyyəti qəzalı vəziyyətdə olan binalar müvafiq qurumların rəyi əsasında sökülərək yerində müasir, Azərbaycanın memarlıq üslubuna uyğun hündürmərtəbəli yaşayış binaları tikiləcək.

İnşaat işləri dövlət büdcəsi hesabına yox, özəl sektor tərəfindən tikinti şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu da doğma Xankəndidə dayanıqlı məskunlaşmaya və yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Bir sözlə, özəl sektor tərəfindən həyata keciriləcək tikinti işləri bölgədə iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək”.

“Cebheinfo.az”