Qucaqlaşmaq həqiqətən dərmandır?

Son zamanlar sosial mediada və müxtəlif platformalarda belə fikirlərlə tez-tez rastlaşırıq:
“Qucaqlamaq stressi azaldır”.
Bildirilir ki, qucaqlaşmaq yalnız fiziki bir hərəkət deyil, ruhun bərpası, emosional əlaqənin qurulması və güvənin bədəni dillə ifadəsidir. Bəs bu iddialar elmi əsaslara söykənirmi? Doğrudanmı qucaq insanı sakitləşdirə, onu güvəndə hiss etdirə bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib ki, psixologiyada qucaqlaşmaq sadəcə fiziki yaxınlıq kimi yox, travmadan sonra reaksiya yüngülləşdirici, bağ qurucu və özünəqayıdış vasitəsi kimi tanınır.
Onun sözlərinə görə, qucaqlamaq təkcə fiziki təmas deyil, bu, emosional əlaqənin, qəbulun və güvənin fiziki təcəssümüdür:
“Bəzən heç bir söz kifayət etmir, bütün cümlələr aciz qalır. O anlarda bircə qucaq hər şeyi izah edə, dəyişə bilir. Qucaqlamaq nədir? Qucaqlamaq, bir insanın digərinə bütün varlığı ilə “burdayam, sən əminsən, tək deyilsən” deməsidir. Bu təmas, stress hormonlarını azaldır, xoşbəxtlik hormonlarını artırır və ən əsası: emosional təcridi qırır. Qucaqlama zamanı beyində oksitosin adlı hormon ifraz olunur. Ona “qucaq hormonu”, “sevgi molekulu” da deyilir. Oksitosin isə narahatlığı azaldır, ürək döyüntüsünü tənzimləyir və insanda aid olma, sevildiyini hiss etmə duyğusunu gücləndirir. Qısacası, qucaq, beyinə “təhlükəsizlikdəyik” mesajı göndərir”.
Psixoloq qeyd edib ki, qucaq uşaqlıqdan başlayan bir ehtiyacdir:
“İnsan dünyaya göz açdığı andan qucağa ehtiyac duyur. Körpə ağlayanda, ac olanda və ya qorxanda qucaq ona dünya ilə ilk və ən etibarlı bağ olur. Əgər bu bağ kəsilirsə və ya laqeydliklə əvəz olunursa, gələcəkdə insanlarda təhlükə hissi, bağlanma problemi və toxunmaqdan qorxma halları inkişaf edə bilər”.
Samirə İsmayılovanın sözlərinə görə, böyüklər də qucaqlaşmaq istəyir:
“Böyümək qucaq ehtiyacını aradan qaldırmır. Sadəcə bəzən onu gizləyirik. Çünki böyüklər artıq ağlamamalı, ehtiyac hiss etməməli, güclü görünməlidir. Amma bu da yanlışdır. Hər bir insan yaşı, cinsi, statusu nə olursa olsun, toxunulmaq, hiss olunmaq, güvəndə olmaq istəyir. Qucaqlamaq heç bir dərmanla əvəz olunmayan duyğusal antibiotikdir.
Qucaq sükutun dilidir. Bəzən sözlər yalan ola bilər, ya da bacarmayacağımız qədər çətin. Amma qucaq saxta, boş deyil. Qucaqlayan insan sanki deyir: “Mən səni duyuram, mən burdayam”. Bu, empatiya və şəfqətin səssiz dilidir”.
O vurğulayıb ki, travma keçirmiş insanlar toxunmağa qarşı daha həssas ola bilərlər:
“Etibarlı bir insanın səmimi qucağı qorxunu yumşalda, bədəni və beyni təhlükəsizlik halına gətirə bilər. Psixoterapiyada da bəzən sözlərdən öncə təhlükəsiz əlaqə qurmaq, qucaqlama ilə başlanır, istər real, istər metaforik.
Bəzən insan heç nə istəmir, bir qucaqdan başqa. Çünki qucaq sadəcə iki qolun sarılması deyil, bu, bir insanın digərinə “sən dəyərlisən, sən burdasan, sən vacibsən” deməsidir. Qucaqla dünya bəlkə dəyişməz, amma bir insanın iç dünyası dəyişə bilər”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”