Rusiyadan gözlənilməz ADDIM

Rusiyada “YouTube”un geri qayıtması və “Google” ilə münasibətlərin normallaşması məsələsi rəsmilər və ekspertlər arasında qızğın mövzuya çevrilib.
"Cebheinfo.az" xəbər verir ki, “Noviye İzvestiya” portalının məlumatına görə, son aylarda xüsusilə Dumanın informasiya siyasəti komitəsindən Anton Nemkinin verdiyi açıqlamalar göstərir ki, “Google”-a tətbiq edilən milyardlarla rubl cərimələrə baxmayaraq, şirkətin fəaliyyətinə normallaşmaq üçün “yaşıl işıq” yandırıla bilər.
Portal qeyd edir ki, şirkətə tətbiq edilən astronomik cərimələrin bir hissəsi maraqlı şəkildə yoxa çıxıb, cərimələrdəki kvintilyonlar milyardlara çevrilib.Bununla belə, portala danışan ekspertlər hesab edir ki, nikbin baxış real qayıdışdan xəbər vermir.
“Mobile Research” analitiki Eldar Murtazin bildirib ki, verilən açıqlamalar real həll yolu deyil, ictimaiyyət qarşısında bir növ “biz mübarizə aparırıq” obrazını göstərmək cəhdidir.Murtazinin sözlərinə görə, “YouTube”-un geri qayıtması demək olar ki, mümkün deyil, çünki platformaya qoyulan məhdudiyyətlər və texniki maneələr səmərəsizdir və istifadəçilər VPN kimi üsullardan istifadə edərək məhdudiyyətlərdən yan keçməkdə davam edirlər.
Digər tərəfdən, “YouTube”-un trafikin azalması ilə bağlı iddialarına baxmayaraq, platformanın qlobal istifadəçi trafikinin Rusiyadakı istifadəçilər tərəfindən dolayısı ilə artırıldığı ortaya çıxdı.Rusiyalı istifadəçilər VPN kimi üsullardan istifadə edərək Niderland və digər ölkələrdən platformaya daxil olaraq baxış nisbətlərini artırıblar. Bu, platformanın populyarlığının gözləniləndən daha az zərər çəkdiyini və məhdudiyyətlərin təsirlərinin məhdud olduğunu göstərir.
Bütün bu müzakirələr fonunda bəzi ekspertlər və siyasətçilər Rusiyanın informasiya-kommunikasiya texnologiyalarından tamamilə qapanmasının mümkün olmadığını vurğulayırlar. Politoloq Yuliy Nisneviç rəqəmsal izolyasiyanın davamlı olmadığını və beynəlxalq məlumat mübadiləsinin və əməkdaşlığın hər bir dövlət üçün vacib olduğunu bildirir. Nisneviç həmçinin hesab edir ki, Qərb platformalarının qaytarılması hüquqi dəyişikliklər və amnistiya tələb edəcək, lakin bunun yaxın gələcəkdə baş verməsi ehtimalı azdır.
Nigar Hacılı
"Cebheinfo.az"