Məşhur casusun film kimi həyatı - FOTOLAR

2020-ci ildə britaniyalı aktyor Benedikt Kamberbaçın iştirakı ilə ekranlara çıxan “The Courier” (“Kuriyer”) filmi britaniyalı iş adamı Qrevill Vinnin həyat hekayəsindən bəhs edir.
Ekran əsəri Vinnin “soyuq müharibə” dövründə, xüsusilə Karib böhranı zamanı MI6 tərəfindən sovet agenti Oleq Penkovski ilə fəaliyyətindən danışır.
Qrevill Vinn kim idi?
“Cebheinfo.az” xəbər verir ki, o, 1919-cu il martın 19-da İngiltərənin Vud qəsəbəsində mədənçi ailəsində anadan olub. Üç bacının bir qardaşı olan Qrevill uşaqlığını Cənubi Uelsin İstrad-Maynah şəhərində, sadə bir ailədə keçirib.
Qrevill hələ uşaq yaşlarından disleksiyadan, yəni oxumaqdan əziyyət çəkib. Bu səbəbdən 14 yaşında məktəbi tərk edir və elektrik ustasının yanında işləməyə başlayır. Ardınca telefon zavodunda şagird kimi çalışır.
İkinci Dünya müharibəsindən əvvəl Nottingem Universitetində yarımştat mühəndislik təhsili almağa başlayır. Müharibə başa çatdıqdan sonra isə biznesə yönəlir. Qısa müddətdə “Greville Wynn Limited” və “Mobile Exhibition Limited” adlı iki şirkət yaradır. Bu firmalar ona müxtəlif ölkələrə, o cümlədən SSRİ-yə səfər etmək imkanı verir. Vinn daha iri, nüfuzlu şirkətləri təmsil edirdi və bu da onun “cəlbedici” karyerasını formalaşdırırdı.
Əslində, Qrevill Vinn xarici ticarət üzrə danışıqlar aparan nümayəndə idi. Amma bu sadə görkəmin arxasında kəşfiyyat üçün əla örtük gizlənirdi. Onu Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin daha çox Mİ6 kimi tanınan qurumun, gələcək rəhbəri ser Artur Franks kəşfiyyata cəlb edir. Franks Vinni Sovet İttifaqı və Şərqi Avropa ölkələrində “kuryer” kimi istifadə etmək üçün seçir.
Maraqlıdır ki, Franks eyni zamanda Vinnin yük maşını istehsal edən şirkətində gizli şərik idi. Şirkət İngiltərədə ən uzun oynaqlı yük maşınlarını istehsal edirdi və xərcləri Mİ6 qarşılayırdı. Bu da Vinnin müxtəlif beynəlxalq ticarət yarmarkalarında iştirak etməsinə inandırıcı zəmin yaradırdı.
1946-cı ildə Qrevill Şeyla Bitonla ailə qurur. 1952-ci ildə onların Endryu adlı oğlu dünyaya gəlir. Ailə həyatı bir tərəfdən davam edərkən, digər tərəfdən Vinnin karyerası 1955-ci ildən etibarən yeni mərhələyə, gizli missiyalara keçir. Elə həmin ildən onun biznesi tədricən Şərq Bloku ölkələrinə yayılmağa başlayır və bu, ona sovet agenti Oleq Penkovski ilə gizli əməkdaşlığa doğru yol açır...
Vinn və Penkovski 1960-cı ilin noyabrında Qrevill Vinn Britaniyanın xarici kəşfiyyat xidməti – MI6 tərəfindən Moskvaya göndərilir. Onun tapşırığı Sovet hərbi kəşfiyyatı olan “GRU”nun yüksək rütbəli zabiti Oleq Penkovski ilə gizli əlaqə qurmaq idi. Məlumatlara görə, Penkovski Qərb üçün casusluq etməyi özü irəli sürür, əvəzində isə həm yaxşı maaş, həm də ölkədən çıxarılmaq üçün yardım istəyir.
Onların ilk görüşü Moskvadakı məşhur “Natsional” otelinin restoranında baş tutur. Penkovskidən alınan məktubu Vinn Britaniya kəşfiyyat nümayəndələrinə çatdırır. Qısa müddət sonra isə polkovniklə əməkdaşlıq rəsmi şəkildə təsdiqlənir. 1961-ci il aprelin 20-də, Londondakı "Hitrou" hava limanında Penkovski xarici ezamiyyətə çıxarkən Vinnə iki paket sənəd verir. Həmin gün o, MI6 ilə rəsmi əməkdaşlığa razı olduğunu təsdiqləyən sənədə imza atır.
Maraqlıdır ki, bu razılaşmada qarşı tərəfə irəli sürdüyü bütün şərtlərin qəbul edildiyini görürdü. Beləliklə, Qrevill Vinn Sovet İttifaqına etdiyi hər səfərdən sonra Penkovskinin təqdim etdiyi son dərəcə gizli sənədləri Londona çatdırmağa başlayır.
Bu materiallar arasında Sovet raketlərinin döyüş imkanları, nüvə başlıqlarının yerləşdirilməsi və hərbi planlara dair çox önəmli informasiyalar da vardı. Xüsusilə Karib böhranı zamanı bu məlumatlar ABŞ və Britaniya üçün həlledici əhəmiyyət daşıyırdı.
Amma bu cəsur casusluq fəaliyyətinin ömrü uzun çəkmir. KQB onların izinə düşür və 1962-ci ilin noyabrında , Karib böhranının tüğyan etdiyi günlərdə həm Vinn, həm də Penkovski həbs olunurlar. 1963-cü ilin mayında Moskvada məhkəməyə çıxarılan Vinnə səkkiz il həbs cəzası verilir. Bu müddətin beş ili ağır əmək düşərgəsində keçməli idi. O, Moskvadakı məşhur Lubyanka həbsxanasında saxlanılır.
Britaniya hökuməti Vinnin kəşfiyyatla heç bir əlaqəsi olmadığını, sadəcə günahsız bir iş adamı olduğunu iddia edir. Penkovskiyə isə ölüm hökmü verilir. Onun güllələnərək edam edildiyi açıqlansa da, Vinn sonradan polkovnikin əslində həbsxanada intihar etdiyini düşünürdü. 1964-cü ilin aprelində Qrevill Vinn Berlin divarının keçid məntəqəsində KQB agenti Konon Molodıy ilə dəyişdirilərək Qərbə qaytarılır.
Qeyd edək ki, Molodıy Britaniyada 25 il azadlıqdan məhrum edilmişdi. Amma Vinnin azadlığa dönüşü onun üçün fiziki və psixoloji cəhətdən çox ağır başa gəlir. Yazıçı Robert Latonanın yazdığına görə, Vinn həbsxanadan çıxdıqda əvvəlkindən 22 kilo arıqlamış, dişləri laxlamış, səhhəti ciddi şəkildə zədələnmişdi. Onun biznes fəaliyyəti çökmüş, şəxsi həyatı isə dağılmışdı. Həyat yoldaşı Şeyla ilə boşanır və yeganə oğlu Endryudan uzaq düşür.
1970-ci ildə Vinn ikinci dəfə ailə qurur, bu dəfə niderlandlı Coanna Herme van Byurenlə. Onlar son illərdə ayrı yaşasalar da, Vinnin vəfat etdiyi dövrdə rəsmi olaraq evli idilər. 1966-cı ilin mayında ABŞ-də yayımlanan “Düzünü söylə” adlı televiziya şousuna dəvət olunan Vinn geniş ictimaiyyət qarşısında çıxış edir. Lakin o, uzun müddət depressiya və alkoqolizmə qarşı mübarizə aparmalı olur.
Qrevill Vinnin həyat hekayəsi soyuq müharibə dövrünün qarışıq və ziddiyyətli obrazlarının toqquşmasıdır. O, Penkovski ilə birlikdə Qərb kəşfiyyatının ən önəmli ifşalarından birinə imza atmış, Sovet raket proqramı haqqında məlumatlarla Karib böhranının gedişinə təsir etmişdi. Amma Vinnin öz hekayəsini təqdim etmə tərzi, bəzənzbu real nailiyyətin üzərinə kölgə salırdı.
O, bəzi müsahibələrində Nottingemdəki zavodlardan birində guya nasist casusunu ifşa etdiyini, heç vaxt mövcud olmayan Sovet agenti "mayor Kuznov"u ölkədən çıxardığını və hətta prezident Kennedi ilə şəxsən görüşdüyünü iddia edirdi. Onun sözlərinə görə, bu görüş üçün onu təcili şəkildə Vaşinqtona aparıblar və səfər cəmi 18 saat çəkib.
Ancaq o dövrün hava nəqliyyatı imkanları və diplomatik protokol qaydaları bu versiyanı tamamilə qeyri-mümkün edir, çünki heç bir prezident birbaşa casusla görüşməzdi. Qrevill Vinn 1990-cı il fevralın 28-də Londondakı Kromvel xəstəxanasında boğaz xərçəngindən vəfat edib. O, arxasında bir casusun deyil, həm də dövrünün psixoloji və siyasi təzyiqlərini daşıyan bir insanın dramatik həyat hekayəsini qoyub gedir.
Səbinə Uğur
"Cebheinfo.az"