Qurban ətinin yeyilməsində QIZIL QAYDA

Qurban ətinin düzgün şəraitdə saxlanması onun təzə qalmasını təmin edir.
Əks halda, yanlış saxlama üsulları ətin qısa zamanda xarab olmasına səbəb ola bilər. Soyuducuya yerləşdirilsə belə, edilən bəzi səhvlər ətin ömrünü qısaldır.
Eyni zamanda, ət istehlakı zamanı da diqqət edilməli vacib məqamlar var. Bu detallara əməl edilməzsə, hətta sağlamlıq problemləri yarana bilər.
"Cebheinfo.az" qurban ətinin saxlanılması ilə bağlı bilməli olduğunuz ən vacib məqamları təqdim edir.
Qurban ətinin saxlanması zamanı soyuducuya yerləşdirilməsi kifayət etmir. Çünki əgər bu, düzgün şəkildə edilmirsə, ətin tez xarab olma riski artır. Türkiyə Adana Baytarlıq Həkimləri Palatasının sədri Nihat Köse bildirib ki, heyvan kəsildikdən sonra ölüm sərtliyi gələcəyi üçün təxminən 10–12 saat ərzində sərin, kondisionerli məkanda saxlanmalı, yalnız bundan sonra istehlak olunmalıdır.
Nihat Köse vətəndaşlara qurbanlıq heyvanlarını mütləq rəsmi və peşəkar məkanlardan almağı tövsiyə edib:
"Qurbanlıq heyvanlar bələdiyyələrin müəyyən etdiyi satış məntəqələrindən alınmalıdır. Bu məntəqələrdəki heyvanlar baytar nəzarətindən keçdiyi üçün sağlam sayılır. Heyvanın qulağında sırğa olmalı, başqa bölgədən gətirilibsə, sağlamlıq arayışı təqdim edilməlidir.
Kəsim prosesi də diqqətlə həyata keçirilməlidir. Heyvana əzab verilməməli, kəsim peşəkar qəssablar tərəfindən aparılmalıdır. Qurbanlıq seçimində heyvanın xarici görünüşünə diqqət edilməlidir. Tüklərin təmuz, parlaq və hamar olması, canlı baxışlar və bədən üzvlərinin tamlığı onun sağlamlığını göstərir".
O, küçələrdə həyata keçirilən kəsimlərin gigiyenik baxımdan doğru olmadığını vurğulayıb:
"Küçələrdə qurban kəsilməsi, qan axıdılması həm ətraf mühitin çirklənməsi, həm də insan sağlamlığı baxımından təhlükəlidir. Mümkün xəstəliklərin qarşısını almaq üçün heyvan tullantılarının bələdiyyələr tərəfindən toplanması ən uyğun variantdır".
O, “Əgər qurbanlarımızı kəndlərdə kəsmişiksə, heyvan tullantılarını ən azı 2 metr dərinlikdə çuxurlara basdırmalyıq. Həmin çuxurlar küçə və ya vəhşi heyvanlar tərəfindən qazıla bilməyəcək dərinlikdə olmalıdır. Dinimizə görə, qurbanlıq tullantılarının açıqda qalması yolverilməzdir",-deyib.
Qurban ətinin istehlakı ilə bağlı da xəbərdarlıqlar edən Köse “Heyvan kəsildikdən sonra ölüm sərtliyi baş verir. Əgər ət dərhal bişirilib yeyilərsə, həm dadlı olmaz, həm də sağlamlıq üçün zərərli ola bilər. Bu səbəblə, ət sərin və kondisionerli mühitdə təxminən 10–12 saat saxlanmalı, yalnız ölüm sərtliyi keçdikdən sonra soyuducuya yerləşdirilməlidir.
Əgər ət ölüm sərtliyi keçməmiş soyuducuya qoyularsa, bu, düzgün saxlama üsulu sayılmır. Əti üst-üstə yığsaq, bir-birinə dəyəcəyi üçün havasız qalar. Bu, onların xarab olmasına səbəb ola bilər. Buna görə də ən yaxşı üsul əti uyğun parçalara ayırıb soyuducuya qoymaqdır.
Ət bişirərkən daxili temperaturun 70 dərəcədən çox olması çox vacibdir. Yalnız bu şəkildə ətin üzərində insan sağlamlığına zərər verə biləcək mikroorqanizmlər məhv edilə bilər. Kəsmədən konservləşdirməyə, istehlakdan bişirməyə qədər hər mərhələdə diqqətli olmaq lazımdır", - deyə qeyd edib.
Əfsanə Rəcəb
"Cebheinfo.az"