Avropa Mərkəzi Bankı faiz dərəcəsini endirib

Avropa Mərkəzi Bankı faiz dərəcəsini 2,25 faizdən 2 faizə endirib.
Ötən ilin ortalarından etibarən səkkizinci dəfə faiz endirimi ilə bağlı verilmiş bu qərar zəifləmiş iqtisadi artımı stimullaşdırmaq məqsədi daşıyır.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, qərara əsasən kommersiya banklarının Avropa Mərkəzi Bankında saxladığı vəsaitlər üçün nəzərdə tutulan depozit faizi də 2 faizə düşüb.
Bundan əlavə, bankların Mərkəzi Bankdan borc götürərkən ödədikləri faiz dərəcəsi 2,4 faizdən 2,15 faizə endirilib.
Avropa Mərkəzi Bankının bu addımı inflyasiyanın nəzarət altında saxlanılması və iqtisadi artımın zəifləməsi fonunda atılıb. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar əvvəllər sürətlə yüksələn inflyasiya artıq hədəfə yaxınlaşıb. May ayında avrozonada inflyasiya 1,9 faiz təşkil edib ki, bu da 2 faizlik hədəfdən aşağıdır. Bununla belə, ABŞ-ın tətbiq etdiyi yüksək gömrük rüsumları və qlobal ticarətdə yaşanan gərginlik iqtisadi artıma mane olur. Avropa Komissiyasının ötən ay açıqladığı proqnoza əsasən, avrozonada ümumi daxili məhsul bu il 0,9 faiz artacaq. Halbuki payızda bu artım 1,3 faiz həddində qiymətləndirilmişdi.
Bu zəifləmənin əsas səbəblərindən biri də Avropada ən güclü iqtisadiyyata malik Almaniyada davam edən iqtisadi durğunluqdur. Almaniya Sənaye və Ticarət Palatası ölkənin ardıcıl üçüncü il də iqtisadi tənəzzül yaşayacağını proqnozlaşdırır.
Zəif iqtisadiyyat uzunmüddətli perspektivdə qiymət artımını daha da gücləndirə bilər. Avropa Mərkəzi Bankı belə mürəkkəb şəraitdə bir müddətdir ki, faiz siyasətini ehtiyatla həyata keçirir və qərarlarını hər iclasda konkret iqtisadi göstəricilərə əsaslanaraq qəbul edir.
"Cebheinfo.az"