Təhsil tələbə krediti: “Hər gün 100-ə yaxın...”

Təhsil tələbə krediti: “Hər gün 100-ə yaxın...”

“Hər gün 100-ə yaxın tələbə təhsil krediti üçün müraciət edir”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov AZƏRTAC-a müsahibəsində deyib.

O qeyd edib ki, hazırda dördüncü tədris ili, səkkizinci semestrdir ki, TTK-ların verilməsinin icra edilməsi prosesi həyata keçirilir:

“TTKF 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılıb. Qeyri-kommersiya təşkilatı olan Fond Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Bu qurumun yaradılmasında hər hansı bir gəlir və ya mənfəət məqsədi yoxdur. Əsas hədəfimiz cəmiyyətin həssas qruplarına aid şəxslərin təhsilə çıxış imkanlarını genişləndirmək, daha çox vətəndaşın ali təhsil almasını təmin etmək və təhsildə bərabər imkanları təşviq etməkdir.

Kreditlərin verilməsində əsas məqsədlərimizdən biri də təhsildə rəqabəti artırmaq və bununla da keyfiyyətə təsir göstərməkdir. Kreditdən faydalanan tələbələ, mövcud qanunvericiliyə uyğun olaraq tətbiq edilən güzəştlərdən yararlanmaq üçün daha yaxşı oxumağa təşviq olunurlar. Bu isə nəticə etibarilə təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Təhsil kreditlərinin, həmçinin əmək bazarına stimullaşdırıcı təsir göstərdiyini düşünürük. Əvvəllər təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyan və ya yalnız ödənişsiz əsaslarla qəbul ola bilmədiyi üçün sevmədiyi ixtisası seçən gənclər bu gün TTK sayəsində seçim imkanlarını daha rahat şəkildə həyata keçirə bilirlər.

Tələbələrin layihəyə olan inamı da hər semestr artan dinamika ilə özünü göstərir. Çünki bu, dövlət tərəfindən təqdim edilən, uzunmüddətli və güzəştli şərtlərlə verilən kreditlərdir. Vətəndaşlar TTK ilə bank kreditləri arasındakı fərqi anlayır və ona görə də layihəyə maraq artır.

Bu günə qədər 70 mindən çox müraciət daxil olub və onlardan 56 min 800-dən çoxu artıq rəsmiləşdirilib. Bu rəqəmlər hər gün dəyişir. Hər gün 50, 60, 70, bəzən 100 və daha çox müraciət sistemə daxil olur, eyni zamanda, təyinat vəsaitlərinin banka köçürülməsi prosesi davam edir. Yəni bu, olduqca dinamik bir prosesdir”.

"Cebheinfo.az"