Rutte: NATO-ya üzv ölkələr müdafiə xərclərini artırmalıdır

NATO-nin baş katibi Mark Rutte NATO üzvü olan ölkələrdə müdafiə xərclərinin artırılmasının zəruriliyini bildirib.
O, bu haqda Brüsseldə mətbuat konfransında danışıb.
Onun fikrincə, müttəfiqlər Rusiyadan gələn təhlükəni və Çinin güclənməsini nəzərə alaraq müdafiə xərclərinin artırılmasının vacibliyini başa düşürlər.
"Biz fərqli bir dünyada yaşayırıq. Biz daha təhlükəli bir dünyada yaşayırıq. Almaniyanın müdafiə naziri bir neçə gün əvvəl 2029-cu ilə qədər rusların NATO-ya uğurlu hücum təşkil etmək gücündə olacaqlarını demişdi. Mən alyansın 24-25 iyunda Haaqada keçiriləcək sammitində müdafiə xərcləri üçün ÜDM-nin 5%-ni təşkil edəcək ümumi maliyyə planı təklif edəcəyəm", - Rutte qeyd edib.
O həmçinin bu gün alyans ölkələrinin təhlükəsiz olduqlarını, lakin müdafiə xərclərini artırmayacaqları təqdirdə, yaxın gələcəkdə təhlükəsiz olmayacaqlarını bildirib.
Ruttenin təklifinə əsasən ÜDM-nin 3,5%-i əsas müdafiə xərclərinə, 1,5%-i isə infrastruktur və sənaye kimi müdafiə və təhlükəsizliklə bağlı digər xərclərə ayrılacaq.
"Cebheinfo.az"