ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırır

"ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırır".
Bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
“ 'Gürcü Arzusu' partiyasının Avropa İttifaqına üzvlük prosesini dayandırmaq qərarı Konstitusiyada əks olunan, gürcü xalqına Aİ və NATO-ya tam inteqrasiyaya çalışmaq vədini pozur.
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesini dayandırmaqla 'Gürcü Arzusu' Avropa ilə daha yaxın əlaqələr qurmaq imkanından imtina edib və Gürcüstanı Kreml üçün daha həssas vəziyyətə salıb. Gürcü xalqının böyük əksəriyyəti Avropaya inteqrasiyanı dəstəkləyir.
Birləşmiş Ştatlar gürcülərin dinc etiraz azadlığı da daxil olmaqla toplaşmaq və fikir ifadə etmək hüququndan istifadə edərkən polis tərəfindən həddindən artıq güc tətbiq edilməsini pisləyir. Bütün tərəfləri etirazların dinc qalmasını təmin etməyə çağırırıq.
'Gürcü Arzusu'nun müxtəlif anti-demokratik hərəkətləri demokratiya, qanunun aliliyi, vətəndaş cəmiyyəti, insan hüquqları, fundamental azadlıqlar və korrupsiya ilə mübarizə üzrə birgə öhdəliklərə əsaslanan ABŞ-Gürcüstan strateji tərəfdaşlığının əsaslarını pozub. Nəticədə, ABŞ bu mexanizmi dayandırıb.
Biz Gürcüstan hökumətini avro-atlantik yoluna qayıtmağa, parlament seçkilərindəki bütün pozuntuları şəffaf şəkildə araşdırmağa və toplaşmaq və fikir ifadə etmək azadlıqlarını məhdudlaşdıran anti-demokratik qanunları ləğv etməyə çağırışımızı təkrar edirik" , – deyə bəyanatda qeyd olunub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze 28 noyabrda parlament çoxluğu və hökumət komandası ilə görüşdən sonra Avropa İttifaqı ilə danışıqlarla bağlı açıqlama verib. Hakim partiyanın qərarına əsasən, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamayacaq və bu müddətdə hər hansı büdcə qrantını qəbul etməyəcək.
Baş nazirin bu bəyanatından sonra Tbilisidə gərginlik artıb. Minlərlə insan Parlamentin önünə toplaşaraq etiraz aksiyası keçirib. 29 noyabr gecəsi aksiya daha da şiddətlənib, etirazçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaranıb. Hadisə nəticəsində onlarla etirazçı saxlanılıb, 43 polis əməkdaşı yaralanıb.
"Cebheinfo.az"