ABŞ Hindistana “F-35” qırıcıları satacaq

ABŞ Prezidenti Donald Tramp Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasına baxmayaraq, Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) sanksiyalarından azad olan Hindistana “F-35” qırıcılarının satışına icazə verəcəyini bildirib.
“Cebheindo.az” xəbər verir ki, ABŞ Prezidenti Tramp bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə Ağ Evdə keçirilən görüşündən sonra keçirdiyi birgə mətbuat konfransında açıqlama verib.
Tramp iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı artıracaqlarını qeyd edib:
“Bu ildən başlayaraq Hindistana hərbi satışlarımız milyardlarla dollar artacaq və eyni zamanda, “F-35” döyüş təyyarələrinin verilməsinə də zəmin hazırlayacağıq”.
ABŞ administrasiyası Hindistana Cənub-Şərqi Asiya regionunda Çini balanslaşdırmağın mühüm element kimi baxdığını bildirərək Hindistana CAATSA sanksiyaları tətbiq etməyib.
Vaşinqtonun bu addımı “S-400” sistemlərini Rusiyadan aldığı üçün bu sanksiyalara məruz qalan Türkiyənin narazılığına səbəb olub.
Xatyırladaq ki, Hindistan 2018-ci ilin oktyabrında imzalanmış 5,8 milyard dollarlıq müqavilə əsasında 2021-ci ildən etibarən Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”