Latviya bu sahədə də rus dilinin istifadəsini qadağan etdi

Latviya Seyminin (birpalatalı parlament) Büdcə və Maliyyə Komissiyası bankların mobil tətbiqlərində rus dilindən istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə dövlətin" LSM" portalı məlumat yayıb.
Məlumata görə, yeni təşəbbüs bank müştərilərinin istifadə etdiyi bütün sənədlərin və rəqəmsal platformaların, o cümlədən mobil tətbiqlərin, internet saytların və çağrı mərkəzləri ilə ünsiyyətin yalnız latış dilində olmasını nəzərdə tutur.
Qanun layihəsinin müəllifləri hesab edir ki, hazırda Latviyanın maliyyə sektorunda rus dili çox geniş istifadə olunur və bu, ölkədə latış dilinin mövqeyini zəiflədib.
Qeyd edək ki, ötən ilin sentyabrında Latviya Seymi “Kredit təşkilatları haqqında” Qanuna dəyişiklik etmişdi.
Həmin dəyişikliklərə əsasən, ölkədəki bankomatlarda rus dilindən istifadə qadağan olundu. Bu qaydalar 2025-ci ilin yanvar ayından qüvvəyə minib.
Xatırladaq ki, 2024-cü ilin iyununda isə Rusiyanın nümayəndə heyətindən olan İlya Barmin BMT-nin Cenevrədə keçirilən İnsan Hüquqları Şurasının 56-cı sessiyasında çıxış edərək bildirmişdi ki, Avropada açıq şəkildə rusofobiya yayılıb.
Onun sözlərinə görə, Latviya, Litva və Estoniya artıq polis dövlətlərinə çevrilib və bu ölkələrdə milyonlarla insan öz ana dillərində, rus dilində danışmaq, işləmək və təhsil almaq imkanından məhrum edilib.
Səbinə Uğur
"Cebheinfo.az"