Macarıstan Ukrayna ilə bağlı mövqeyini dəyişməyəcək

Macarıstan Ukrayna ilə bağlı mövqeyini dəyişməyəcək

Ukrayna siyasətçiləri bir gün əvvəl Moskva ilə Kiyev arasında atəşkəs və sülh danışıqlarına ehtiyac olduğunu elan edən Macarıstanın Baş naziri Viktor Orbanı tənqid edib.

Buna baxmayaraq, Budapeşt Ukraynadakı münaqişə ilə bağlı mövqeyini dəyişməyəcək.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto özünün "Facebook" səhifəsində yazıb.

"Baş nazir sülhün tezliklə bərqərar olmasını bir daha dəstəklədikdən sonra ukraynalı siyasətçilər Viktor Orbana hücum etdilər", - deyə Siyyarto yazıb və əlavə edib ki, ölkə hakimiyyəti bundan sonra da silahlı münaqişəyə son qoyulması və insan həyatının xilas edilməsi zərurətində israrlı olacaq. “Hər kəs nəhayət görməlidir: döyüş meydanında bu müharibənin həlli yoxdur! Yalnız ölənlər var! Qərar danışıqlar masasındadır”, - deyə Siyyarto yekunlaşdırıb.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın baş naziri Viktor Orbanın atəşkəs və Rusiya ilə danışıqlara çağırışına cavab verib.

Ukrayna Xarici İşlər Nazirliyi Macarıstanın Baş nazirinin bəyanatını “Aİ-nin birliyini pozan” hesab edib.

Bu arada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Macarıstanın Baş naziri Viktor Orbana sərt cavab verib.

O, Macarıstan hakimiyyətinə deyib ki, əgər onlar belə ağıllıdırlarsa, Rusiya Prezidenti Vladimir Putini qoşunları Ukraynadan çıxarmağa məcbur etsinlər və bundan sonra əks-hücum olmayacaq.

Əlavə edək ki, Macarıstanın Baş naziri Viktor Orban bundan əvvəl Ukraynanın əks-hücumunun ölkə üçün “qan gölünə” çevrilə biləcəyini bildirib.

Həmçinin qeyd edək ki, Macarıstan hakimiyyəti Krımsız Ukraynanın xəritəsini əks etdirən videoçarx da yayıb.

Sevinc Tapdıqqızı
Cebhe.info