Serj Sarkisyan məhkəmə qarşısına çıxarılır

Serj Sarkisyan məhkəmə qarşısına çıxarılır

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan yeni cinayətdə ittiham olunur.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu gün o, həmin iş üzrə ilk dəfə məhkəmə qarşısına çıxacaq.

Sarkisyan müdafiə naziri olarkən 20 illik sövdələşmədə ittiham olunur. Söhbət torpağın özgəninkiləşdirilməsindən gedir.

İttihama görə, Serj Sarkisyan İrəvanda İsakov prospektindəki bəzi torpaq sahələrini Ermənistanın ikinci prezidenti Robert Köçəryana məxsus “Toyota-Yerevan”ın balansına keçirmək üçün ucuz qiymətə satıb.

Serj Sarkisyanın vəkili bildirib ki, bu, reallıqla heç bir əlaqəsi olmayan ittihamdır.

Serj Sarkisyan 30 iyun 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində doğulub. O, 1989-1993-cü illərdə separatçı "Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri Komitəsi"nin sədri olub.

1993–1995-ci illərdə Ermənistanın müdafiə naziri işləyib. 1995–1996-cı illərdə Ermənistanın milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub. 2000–2007-ci illər arasında yenidən müdafiə naziri işləyib. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 19 fevral 2008-ci ildən 2 mart 2018-ci ilədək isə Ermənistan Respublikasının prezidenti olub.

2018-ci ildə onun prezidentlik müddəti başa çatıb. 17 aprel 2018-ci ildə Serj Sarkisyan Ermənistanın Baş Naziri seçilib. Lakin müxalifətin bütün ölkə boyu ona qarşı başlatdığı geniş etirazlardan sonra 23 apreldə istefaya getməyə məcbur olub.

Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib. 

"Cebheinfo.az"