Səudiyyədə ilk THAAD hava müdafiə sistemi quruldu

Səudiyyə Ərəbistanında ABŞ istehsalı olan Yüksək İrtifa Region Hava Hücumundan Müdafiə Sistemi (THAAD) qurulub.
"Cebheinfo.az" xəbər verir ki, rəsmi Səudiyyə xəbər agentliyi SPA-nın məlumatına görə, zəruri test və sınaqlardan, həmçinin ölkə üzrə personal üçün sahə təlimləri keçirildikdən sonra THAAD sistemi fəaliyyətə başlayıb.
Səudiyyə Ərəbistanında ilk dəfə tətbiq edilən bu sistemin istifadəyə verilməsi münasibətilə Ciddə şəhərindəki Hava Hücumundan Müdafiə Qüvvələri İnstitutunda rəsmi mərasim keçirilib.
Tədbirdə Hava Qüvvələri Komandanı Məzid bin Süleyman əl-Amr iştirak edərək, sistemi idarə edəcək birliyin komandanına rəsmi bayraq təqdim edib.
ABŞ istehsalı THAAD ballistik raket sistemi Səudiyyə Ərəbistanı ordusunun hazırlıq səviyyəsinin, hava məkanının və həyati əhəmiyyətli obyektlərin müdafiə qabiliyyətinin artırılması məqsədilə həyata keçirilən müdafiə layihəsi çərçivəsində qurulub.
ABŞ Quru Qoşunlarına məxsus ballistik raket hücumundan müdafiə sistemi olan Yüksək İrtifa Region Hava Hücumundan Müdafiə Sistemi (THAAD) “Lockheed Martin” şirkəti tərəfindən qısa və ortamənzilli təhdidlərə qarşı hazırlanıb.
Nigar Hacılı
"Cebheinfo.az"