Üç ölkədən Ukraynaya ağır zərbə

Rusiya-Ukrayna müharibəsində Kiyevə şərtsiz dəstək bəyanatları verən Polşa, Macarıstan və Slovakiya Aİ-nin Ukrayna taxılına qoyulan məhdudiyyətləri aradan qaldırdıqdan sonra öz qadağalarını həyata keçirmək qərarına gəlib.
Bu barədə Cebhe.info xarici mediaya istinadən xəbər verir.
Avropa İttifaqı Komissiyası Ukraynanın Polşa, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyaya taxıl idxalına qoyulan məhdudiyyətləri aradan qaldırdıqdan sonra Polşa, Macarıstan və Slovakiya hökumətləri öz qadağalarını həyata keçirəcəklərini açıqladılar.
Polşanın Baş naziri Mateusz Moraviecki bildirib ki, Avropa İttifaqı Komissiyasının qərarına baxmayaraq, bu qadağanı uzadacağıq və bunu polşalı fermerlərin marağında olduğu üçün edəcəyik.
Slovakiya hökuməti isə Ukraynanın 4 adda məhsuluna - buğda, qarğıdalı, kolza və günəbaxan tumlarının idxalına qadağa qoyub.
Macarıstanın Baş naziri Viktor Orbanın isə Rusiyanın "Taxıl sazişi"ndən çıxma səbəbi ilə paralel açıqlamaları diqqət çəkib:
"Brüsseldəki bürokratlar bir daha avropalı fermerlərin problemlərinə məhəl qoymurlar. Məsələləri öz əlimizə almağın vaxtıdır. Ukraynanın kənd təsərrüfatı məhsulları Mərkəzi Avropa bazarlarına axışır".
Macarıstan hökuməti də Ukraynadan taxıl, kolza, günəbaxan tumu, bəzi ət məhsulları, bal və yumurta kimi 24 məhsulun idxalını qadağan etdiyini açıqlayıb.
Kiyev administrasiyası qadağanın davam etdirilməsinə qərar verən Polşa, Macarıstan və Slovakiyaya qarşı iddia qaldıracağını açıqlayıb.
Məsələ ilə bağlı “Politico”ya danışan Ukraynanın ticarət nümayəndəsi Taras Kaçka bildirib ki, üç ölkənin Brüsselə qarşı açıq itaətsizlik etməsi təkcə Aİ-nin daxili məsələsi deyil, beynəlxalq ticarət tərəfdaşlarının Brüsselə olan etimadı ilə bağlıdır.
Nigar Hacılı
Cebhe.info