AZAL təyyarəsinin qəzası:Yekun hesabat niyə açıqlanmır?

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu məlumat yayıb.
"Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün bütün tədbirlər görülür. Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə əsasən, ibtidai istintaq məlumatları açıqlanmır", - məlumatda deyilir.
Xatırladaq ki, 25 dekabr 2024-cü il tarixində səhər saatlarında Qazaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznıdan Bakıya uçurdu. Təyyarə qəzasından az əvvəl ekipaj Aktauda təcili eniş tələb edib. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub; 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb.
Fevralın 19-da Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bəyan edib ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı təhqiqat üzrə yekun hesabat 2025-ci ilin dekabrına kimi təqdim olunacaq.
"Cebheinfo.az"