Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanda 14 medal qazanıblar

Azərbaycan təmsilçiləri Qazaxıstanın Uralsk şəhərində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqatada 14 medal qazanıblar.
Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib.
Komanda üzvləri 3 qızıl, 6 gümüş, 5 bürünc mükafat əldə ediblər.
İvan Vorobjanskiy bir nəfərlik kayak qayığında həm 200, həm də 500 metr məsafəyə yarışlarda qızıl medala sahib olub. Həmçinin 200 metrdə Elmir Tarverdiyev 2-ci, 500 metrdə Mustafa Vəlizadə 3-cü yer tutub.
İki nəfərlik kayak qayığında 500 metr məsafədə İvan Vorobjanskiy – Vacib Babayev cütü bütün rəqiblərini qabaqlayıblar. Mustafa Vəlizadə və Elmir Tarverdiyevin sürdüyü qayıq finişi ikinci keçiblər. İvan Vorobjanskiy rusiyalı idmançı ilə birgə bürünc medal qazanıblar. 200 metr məsafəyə yarışlarda İvan Vorobjanskiy - Hüseyn Həsənov dueti 2-ci, Vacib Babayevlə Nuran Rəhimli fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.
Kanoedə Hüseyn Səmədli 3 kateqoriya üzrə mükafatçılar sırasına düşüb. 200 metr məsafədə bir nəfərlik qayıqda bürünc, iki nəfərlik qayıqda gümüş medal qazanıb. 500 metr məsafədə iki nəfərlik qayıqda Hüseyn Səmədli 3-cü olub.
"Cebheinfo.az"