Artan qızıl ehtiyatları ölkəyə nə qazandırır?

Artan qızıl ehtiyatları ölkəyə nə qazandırır?

Bu ilin ilk rübündə Azərbaycanın ixracının həcmində azalma müşahidə olunub.

Qeyd edək ki, 2024-ci ilin ilk yarısında (yanvar-iyun) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 21 milyard 768 milyon 181 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin aylıq hesabatı göstərir ki, ixrac əməliyyatları üzrə 12 milyard 900 milyon 980 min ABŞ dolları, idxal əməliyyatları üzrə 8 milyard 867 milyon 201 min ABŞ dolları ticarət qeydə alınıb. Müsbət saldo 4 milyard 33 milyon 778 min ABŞ dolları olub.

Amma aidiyyəti qurumun 2023-ci ilin ilk rübü ilə bağlı aylıq hesabatına əsasən, keçən ilin ilk yarısında (yanvar-iyun) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 26 milyard 166 milyon 413 min ABŞ dolları, ixrac 17 milyard 967 milyon 953 min ABŞ dolları, idxal 8 milyard 198 milyon 460 min ABŞ dolları, müsbət saldo isə 9 milyard 769 milyon 492 min ABŞ dolları olmuşdu. Bununla yanaşı, son altı ay üzrə ümumi daxili məhsulun həcmi də açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 59 milyard 520,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Komitənin məlumatında qeyd olunur ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 6,9 faiz artıb. Ümumi daxili məhsulun istehsalında sənaye, ticarət və nəqliyyat vasitələrinin təmiri, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələri üstünlük təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) 2024-cü ilin 2-ci rübü (yanvar-iyun) ərzində qızıl ehtiyatında artım müşahidə olunub. 2024-cü ilin 1-ci rübünün yekununda ARDNF-in investisiya portfelində 104,6 ton qızıl var idi, amma bu həcm 2024-cü ilin 30 iyun tarixində 114,9 tona çatıb. Məlumatda qeyd olunur ki, 30.06.2024-cü il tarixində ARDNF-in cəmi investisiya portfeli 57 milyard 931,5 milyon ABŞ dollara çatıb. Portfelin 8 milyard 574,6 milyon dollarlıq hissəsini (14,8%) qızıl investisiyaları təşkil edib.

İqtisadçı ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan iqtisadiyyatında son prosesləri müsbət qiymətləndirib.

O qeyd edib ki, bu ilin ilk rübündə ixracda artımın olmamasının səbəbi neft hasilatının azalması ilə bağlıdır:

“Nəzərə almaq lazımdır ki, ölkə ixracatında mühüm hesab olunan neft sektorunda hasilat azalıb. Eyni zamanda, neft qiymətlərinində də elə bir ciddi artım müşahidə olunmayıb. Ticarət dövriyyəsində baş verən azalmaların səbəbləri məhz bununla bağlıdır. İdxalda ciddi dəyişikliklər olmasa da, ixracda müəyyən dəyişiklikləri görürük. Onu da vurğulayım ki, qlobal bazarda təbii qazın qiymətlərində də ucuzlaşma gedir. Bu da ixracatın son göstəricilərini stimullaşdırır”.

F. İbrahimov son altı ay üzrə ümumi daxili məhsul istehsalında son rəqəmin elə də ciddi narahat doğurmadığını bildirib:

“ÜDM-da 4,3 % artım müsbət bir göstəricidir. Hesab edirəm ki, bu rəqəm ölkə iqtisadiyyatı üçün kifayət qədər önəmli göstəricidir. Hazırda bundan daha böyük rəqəm gözləmək mümkün deyil. Bu ilin sonuna qədər ÜDM-nin bu səviyyədə qalması müəyyən mənada iqtisadiyyat üçün xeyirlidir”. F. İbrahimov Azərbaycan Dövlət Neft Fondunun qızıl ehtiyatlarında artımı da müsbət hal olduğunu vurğulayıb: “ADNF-nin qızıl ehtiyatlarında qızılın 114,9 tona çatması da müsbət göstəricidir. Bu, onu deməyə əsas verir ki, son zamanlar ölkə iqtisadiyyatında şaxələnmə siyasəti daha da dərinləşir. Hökumətin bu addımını doğru hesab edirəm. Ona görə ki, yalnız bir mənbəyə söykənmək doğru olmaz. Bu gün dünya bazarında qızılın qiyməti dinamik səviyyədə bahalaşıb. Dünya iqtisadiyyatında qızıl ehtiyatları ən etibarlı mənbələrdən biri kimi qəbul olunur. Beynəlxalq birjalarda qızılın qiymətinin hər hansı yolla formallaşmasını nəzərə alsaq, istənilən ssenarinin baş verməsinə hazır olmalıyıq. İstənilən zaman qızıl qiymətində kəskin azalma baş verə bilər. Bu nöqteyi-nəzərdən ADNF-nun qızıl ehtiyatlarında son artımı müsbət qiymətləndirmək olar”.

Yunis Abdullayev
"Cebhe.info"