Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilir
“Müəyyən nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində proseslərin intensivləşməsi Azərbaycanı Avrasiya regionunda beynəlxalq tranzit və ticarət qovşağını çevirə bilər”.
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında yük daşıma ilə məşğul olan beynəlxalq nəqliyyat şirkətlərinin Azərbaycana əhəmiyyət verməsinin səbəbini şərh edərkən bildirib.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA ) İctimai Birliyindən verilən məlumatlara görə, bu il Azərbaycanda beynəlxalq nəqliyyat daşıyıcılarının sayı 7 mini keçib. Halbuki 2003-ci ildə bu rəqəm 200-300 civarında idi.
Məsələyə münasibət bildirən Natiq Cəfərli bu artımın səbəbini Qərb tərəfindən Rusiyaya tətbiq edilən sanksiyalar ilə əlaqələndirib:
“Bunun bir çox obyektiv səbəbləri var. Rus ordusunun Ukraynaya müdaxiləsindən sonra Şərq-Qərb istiqamətində Rusiya üzərindən keçən yük maşınlarının hərəkəti Avropa İttifaqı tərəfindən qadağa qoyulub. Ötən ilin mayından bu prosesə təkan verilib.
Belə ki, beynəlxalq yükdaşıma şirkətləri həm Ukrayna ilə həmrəylik nümayiş etdirmək, həm də sanksiyaların təsirinə düşməmək üçün Rusiya ərazisindən yükdaşımaları dayandırmağa, yükləri yeni marşrutlara yönəltmək imkanlarını genişləndirməyə başlayıblar. Bunun nəticəsində Azərbaycan üzərindən keçən yolların əhəmiyyəti artırıb.
Həqiqətən, Rusiyanın təcrid olunması Rusiyadan İrana və ya İrandan Rusiyaya, o cümlədən Mərkəzi Asiyadan Türkiyə və Avropaya yük daşıyan maşınları Azərbaycan üzərindən keçməyə sövq edir.
Hesab edirəm ki, bu ilin sonunda ölkəmizin ərazisindən tranzit kimi istifadə edən beynəlxalq nəqliyyat daşıyıcılarının sayında artım daha yüksələcək. Çünki Rusiyaya qarşı sanksiyalar daha sərtləşəcək”. Ekspertin sözlərinə görə, Azərbaycan Orta Dəhlizdə əsas prioritetə malik olan dövlət hesab olunur:
“Orta Dəhlizin reallaşması üçün müəyyən mühüm layihələr həyata keçirilir. Bu layihələr içərisində Zəngəzur dəhlizinə xüsusi önəm verilir. Lakin bu istiqamətdə bəzi ciddi manelərlə üzləşmişik.
Bu manelərin aradan qaldırılması üçün ilk növbədə bu dəhliz üzərində yerləşən ölkələrin vahid tarif sisteminin formallaşdırılması lazımdır.
Xüsusilə, bu, Avropa ölkələrini çox narahat edən məsələlərdən biridir. Qeyd edim ki, Azərbaycan tranzit ölkə kimi daşınma xərcləri kifayət qədər yüksəkdir. Bu problem də öz həllini tapmalıdır”.
Natiq Cəfərli vurğulayıb ki, Orta Dəhliz Azərbaycana xüsusi iqtisadi dividentlər qazandıracaq:
“Yaxın gələcəkdə bu dəhlizin yük daşıma qabiliyyəti 50 milyon tona yaxın ola bilər. İlkin hesablamalara görə, bu, çox böyük həmcdir. Bu tranzit gəlirləri, eləcə də infrastruktur ətrafında yaradılacaq iş yerləri və obyektlər Azərbaycanı alış-veriş mərkəzinə çevirə bilər. Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində beynəlxalq qovşağa çevrilməklə ölkəmiz milyardlarca iqtisadi gəlir əldə edəcək. Ancaq Azərbaycanda gərək tarif və gömrük sistemində ciddi dəyişikliklər edilsin”.
Yunis Abdullayev
Cebhe.info