Azərbaycan Çin şirkəti ilə saziş imzalayıb

“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanla Çinin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı kontekstində Energetika Nazirliyi və “China Energy Engineering Corporation Limited” şirkəti arasında enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.
"Cebheinfo.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, sənədi energetika naziri Pərviz Şahbazov və şirkətin vitse-prezidenti Bo Wang imzalayıblar.
Saziş Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşün nəticəsi olaraq əldə edilmiş razılaşmaların hüquqi çərçivədə təsbit olunmasını təmin edir. Məqsəd Azərbaycanda təmiz enerji və müasir enerji sistemlərinin inkişafı istiqamətində əməkdaşlığı genişləndirmək və bu sahədə konkret layihələr icra etməkdir.
Sənədə əsasən, “China Energy Engineering Corporation Limited” şirkəti ilə 160 MVt gücündə Füzuli Günəş Elektrik Stansiyası, Xəzər dənizində 200 MVt gücündə külək enerjisi, hidroenergetika və “Yaşıl Enerji Dəhlizi” layihələri üzrə əməkdaşlıq ediləcək. Saziş, həmçinin enerji planlaşdırılması və şəbəkə tədqiqatlarının həyata keçirilməsi, “yaşıl enerji”dən istifadənin inkişafı üzrə Tədqiqat Mərkəzinin yaradılması, bərpa olunan enerji sahəsində ixtisaslı kadrların hazırlanması üzrə əməkdaşlığı əhatə edir.
"Cebheinfo.az"