Bağlanacaq bankların yeni siyahısı hazırlanır
Bu ilin ötən dövründə Azərbaycanda təminatlı banklararası REPO bazarının həcmi 4,4 milyard manat, təminatsız bazarın həcmi isə 26,8 manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) “Məcburi ehtiyat norması” haqqında yeni qərarı şərh edərkən bildirilib:
"Bu göstərici hər iki seqment üzrə banklararası bazarın aktivliyini göstərir. Əlavə olaraq banklar milli valyutada Mərkəzi Bankın 1 günlük daimi imkan alətindən istifadə edə bilərlər. Qeyd olunan imkanların mövcudluğu şəraitində banklar məcburi ehtiyat üzrə vəsaitlər təmin etməzlərsə bu halda Mərkəzi Bank tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”.
Bu il ərzində bu istiqamətdə aparılan dəyişikliklərə toxunaraq, AMB-dən bildirilib ki, son 1 ildə məcburi ehtiyat normaları ilə bağlı 2 dəfə dəyişikliklər edilib və yeni normalar uyğun olaraq cari ilin fevral və avqust aylarından başlayaraq tətbiq edilib.
Qeyd edək ki, son illər ölkədə fəaliyyət göstərən bankların sayında azalma müşahidə edilir. Cari ildə də iki bankın lisenziyası ləğv edilib ki, həmin bankların bağlanması da vətəndaşlar üçün gözlənilməz oldu.
Bu baxımdan son vaxtlar vətəndaşlar banklara müraciət zamanı ehtiyatla davranırlar və onun sağlam olması ilə bağlı araşdırmalar aparırlar. Ancaq bu da bir faktdır ki, vətəndaşlara müştərisi olduğu bankların bağlanması ilə bağlı öncədən məlumat verilmir.
Hazırda Azərbaycanda ehtiyatı olmayan bankların aqibəti necə olacaq, onların da bağlanma təhlükəsi varmı?
İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, hazırda kifayət qədər ehtiyatı olmayan və tükənməkdə olan banklar var:
“Bu proses əsasən də “Muğanbank”ın bağlanmasından sonra da davam edəcək. Əslində hələ ən azından Azərbaycanda bankların birləşmə prosesi gedəcək.Tam şəkildə, güvənli rejimdə işləyə biləcək, elastik xidmət göstərə biləcək banklar üzdə qalacaq. Düşünürəm ki, bazara xarici, investisiya banklarının gəlməsi də istisna edilmir. Bankların ehtiyatı dedikdə, yəni bu minimal göstərici olmasa, bankların fəaliyyəti mümkün deyil.
Mərkəzi Bank tərəfindən minimal limit müəyyən edilir. Ümumiyyətlə, fəaliyyət nəticəsində kapitalın yerləşdirilməsi prosesi var və o yerləşdirildikcə onun adekvat geri dönməsi prosesi olmalıdır. Bəzi banklarda uzunmüddətli problemlər yaşanır”.
Hansı bankları təhlükənin gözlədiyinə gəlincə, ekspert bildirib ki, “Muğanbank”ın fəaliyyəti göz qabağında idi:
“Həmin bankda da bu problem yarandı. Yəni onun əsas problemli hissələrindən biri də bu idi. Əsas kapitalın yerləşdirilməsidir və geri dönmə prosesi ilə bağlı dövriyyə tam işləməlidir. Bir çox banklarda bu yoxdur. Əsas problem ondan ibarət idi ki, Mərkəzi Bank onu sağlam bank kimi təqdim etmişdi və 3 ay əvvəl bildirmişdi ki, problemli bank yoxdur.
Ancaq gördük ki, belə bank var. Əgər “Muğanbank” belə oldusa, demək digərlərində də bu problem var. Ən azı hazırda 4-5 bankda bu problem var. Ancaq adlarını çəkə bilmirik, çünki təşvişə yol açacaq. Bankların özündəki bu problem isə qapalı dövriyyədə gedir, yəni Mərkəzi Bankla kommersiya bankı arasında təftiş, komissiya kimi formatda gedir.
Ümumilikdə isə görürük ki, bir gün “Dəmirbank”da problem yarandı, halbuki tamamilə sağlam mühitdə fəaliyyət göstərən idi. Eləcə də “Muğanbank”ı göstərmək olar. Yəni görünən bu deyil. Ehtiyatı olmayan banklar fəaliyyəti risklidir və bağlana bilər”.
Nigar Abdullayeva
Cebhe.info