Taxıl zəmilərinin 74,4 faizində biçin başa çatıb

Taxıl zəmilərinin 74,4 faizində biçin başa çatıb

Respublikada taxıl biçini davam edir. 

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 7-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 74,4 faizində biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Cebheinfo.az"-a bildirilib ki, mövsüm ərzində 691 min 928 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 milyon 336 min 704 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 299 min 401 hektar buğda, 392 min 527 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 milyon 92 min 309 ton buğda, 1 milyon 244 min 394 ton arpa yığılıb. Buğda sahələrinin 60,5 faizində, arpa sahələrinin isə 90,4 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,5 sent/ha, arpa üzrə isə 31,7 sent/ha təşkil edir.

Artıq Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Lənkəran, Masallı, Salyan, Ucar və Yevlax rayonlarında biçin tam yekunlaşıb. Ümumilikdə, 22 rayonda taxıl biçininin həcmi 95 faizi keçib, o cümlədən 21 rayonda buğda, 38 rayonda isə arpa sahələrinin 95 faizdən çoxu biçilib.

Hazırda biçin prosesində 1153 kombayn iştirak edir. Bunlardan 439 kombayn “Aqroservis” ASC-nin, 714 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. 

Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (120 kombayn), İsmayıllı (80 kombayn), Qusar (65 kombayn), Tovuz (57 kombayn), Qəbələ (54 kombayn), Oğuz (50 kombayn), Xaçmaz (49 kombayn), Şamaxı (48 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

"Cebheinfo.az"