14 yaşında universitet tələbəsi, məhbus, “Nobel” mükafatçısı, qeyri-adi evlilik “ustadı”...

“Cümhuriyət”-in “Azərbaycanlı olmayan azərbaycanlılar” rubrikasında bu dəfə Lev Landau barədə o qədər çox bilinməyən məlumatlar təqdim edilib.
Lev Landau - azərbaycanlı olmayan azərbaycanlı, Bakı Dövlət Universitetinin məzunu, Nobel mükafatçısı, XX əsrin görkəmli fiziki, nikahın bir korporativ olduğunu, sevgi ilə heç bir əlaqəsi olmadığını düşünən zarafatcıl, hazırcavab elm xadimi...
Kimdir Lev Landau?
Lev Landau 22 yanvar 1908-ci ildə Bakıda yəhudi ailəsində anadan olub. Anası LyubovVeniaminovnaQarkavi-Landau (1877–1941) Mogilyov qızlar gimnaziyasını ,YeleninskMamaçilik İnstitutunu və Peterburqdakı Qadın Tibb İnstitutunu bitirib. LyubovLandau 1905-ci ildə Davud Lvoviç Landau ilə ailə qurduqdan sonra Balaxanıda mama-həkim və Bakıda qızlar gimnaziyasında məktəb həkimi işləyib. O, eksperimental farmakologiya sahəsində bir çox elmi əsərlər nəşr etdirib. Atası Davud Lvoviç Landau (1866–1943) 1884-cü ildə Mogilyov Gimnaziyasını qızıl medalla bitirib, ailəsi ilə Bakıda yerləşdikdən sonra Balaxanıda və Bakıda “Xəzər-Qara dəniz səhmdar cəmiyyətində” mühəndis, daha sonra 1920-ci illərdə isə “Azneft” mərkəzi idarəsinin texniki şöbəsində müdir vəzifəsində çalışıb. Davud Landau bir sıra elmi əsərlərin müəllifidir. 1913-cü ildə kiçik Lev Gimnaziya və Mariinskaya küçələrinin kəsişməsində, keçmiş I Aleksandr kişi gimnaziyasının binasında yerləşən uşaq bağçasına gedir. 1916-cı ildə 8 yaşında isə anasının təbiət elmləri tədris etdiyi yəhudi gimnaziyasında təhsil alır.
12 yaşında diferensial tənlikləri həll edir, amma rus dili və ədəbiyyatı dərslərinə dözə bilmirdi. 13 yaşında orta təhsil diplomu alaraq növbəti il eyni anda Bakı Universitetinin iki fakültəsinə qəbul olur. 1924-cü ildə Lev yüksək nailiyyətlərinə görə Leninqrad Universitetinə göndərilir. 1927-ci ildə Leninqrad Universitetinin fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini bitirdikdən sonra həm aspiranturaya daxil olur, həm də Leninqrad Fizika-Texniki İnstitutunda işləməyə başlayır. Landau laboratoriya işlərini çox bəyənmirdi, daha çox teorik nəzəriyyə onu cəlb edirdi. Ona ən çox təsir edən "Ümumi nisbilik nəzəriyyəsinin inanılmaz gözəlliyi" olmuşdu.
20 yaşlı aspirantın çıxışı
Buna görə də, Landau elmi fəaliyyətinin istiqamətini 18 yaşında müəyyənləşdirərək, kvant fizikasını seçir. 1926–1927-ci illərdə o, nəzəri fizika sahəsində ilk elmi işlərini dərc etdirir. 1927-ci ildə universiteti bitirir və Leninqrad Fizika-Riyaziyyat İnstitutunda (LFRİ) aspirant olur. 1928-ci ildə VI fizika qurultayında ardıcıl üç məruzə ilə çıxış edir: "Kvant statistikası əsasları", "Müasir fizika və səbəblilik prinsipi" və "Dalğa mexanikasında maqnit elektron". 20 yaşlı aspirantın çıxışı qurultay iştirakçılarına böyük təsir bağışlayır.
1929-cu ildə Xalq Maarif Komissarlığının xətti ilə Landau xarici ezamiyyətə göndərilir. O, dünya fizikası üzrə ən qabaqcıl elmi mərkəzlərdə olur. Berlin, Leypsiq, Kopenhagen, Kembric və Sürix şəhərlərinə səyahət edir. AlbertEynşteynin mühazirələrini dinləyir, MaksBornun seminarlarına qatılır, VernerHeyzenberqlə söhbətlər aparır, Nils Borun laboratoriyasında çalışır, PolDirak, PyotrKapitsa və VolfqanqPauli ilə tanış olur. KembricKavendiş laboratoriyasında çalışan Nobel mükafatçısı Kapitsa ilə tanış olur. L.Landaunun ezamiyyəti sadəcə 6 aylıq maliyyələşdirilmişdi.
Lakin N.Borun tövsiyəsi ilə Rokfeller Fondunun təqaüdünü alaraq xaricdə təhsilini davam etdirir. 1929-cu ilin martında atası Davud Landau Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən saxlanılır. Onu inqilabdan əvvəl kəsilmiş qızıl sikkələri qanunsuz saxlamaqda ittiham edirlər. 5 sentyabrda azad edilir və aşkar edilmiş qızıl sikkələrin əvəzinə həmin günün nominal məzənnəsi ilə Sovet pulları verilir. Digər məlumatlara görə, Davud Lvoviç 1930-cu ildə neft sənayesində sabotaj ittihamı ilə həbs olunur, lakin sonradan azad edilir.
Redaktəyə görə həbs
Ölkəsinə dönən gənc alim Leninqrad Fizika-Texnika İnstitutunun (LFTİ) direktoru, "Sovet fizikasının atası" A.F. İoffe ilə şəxsi münaqişə yaşayır və onun institutda qalması mümkünsüz olduğundan yeni iş yeri Xarkov olur. 1932-ci ilin yayında, 24 yaşlı gənc fizik Ukrayna Fizika-Texnika İnstitutunun şöbə müdiri vəzifəsinə təyin edilir. Bu institut SSRİ-də Moskva və Leninqraddan sonra üçüncü ən mühüm elmi mərkəz sayılırdı. 1937-ci ilin fevralında Xarkov Universitetində fiziklərin tətilindən sonra işdən azad edilən Landau P. L. Kapitsanın dəvətini qəbul edərək yeni yaradılmış Fiziki Problemlər İnstitutunun nəzəri şöbəsinin rəhbəri vəzifəsinə keçir və Moskvaya köçür.
Repressiya Landau Xarkovdan ayrıldıqdan sonra, NKVD (Daxili İşlər Xalq Komissarlığı) orqanları UFTİ-ni təqib etməyə başlayır. Xarici mütəxəssislər olan A. Vaysberq və F. Xoutermans həbs olunur. 1937-ci ilin avqust-sentyabr aylarında isə institutun elmi rəhbərləri L. V. Rozenkeviç, L. V. Şubnikov, V. S. Qorski və K. B. Vayselberq həbs edilir, noyabr ayında güllələnir.
7 oktyabr 1937-ci ildə NKVD əməkdaşları gənc nüvə fiziki V. P. Fomini həbs edir və 22 noyabrda güllələyirlər. 28 aprel 1938-ci ildə Lev Landau alman casusu və sabotajçı kimi həbs olunur, Moskvada M. A. Korets tərəfindən stalinizmə qarşı yazılmış mətn redaktə edir. Mətndə Stalin“faşist diktator”adlandırılır, onun “gerçək sosializmə olan amansız nifrətinin”Hitlerin və Mussolininin siyasəti ilə eyni olduğu vurğulanırdı. Bu mətn 1 may bayramında poçt vasitəsilə yayılmaq üçün Sovet şairi P. Koqan vasitəsilə tələbələrin antistalinçi qrupuna ötürülməli idi. Lakin plan SSRİ dövlət təhlükəsizlik orqanları tərəfindən ifşa edilir və 28 aprel 1938-ci ildə Landau, M. A. Korets və Yu. B. Rumer “antisovet təbliğatı” ittihamı ilə həbs olunurlar.
3 may 1938-ci ildə Landau Fiziki Problemlər İnstitutunun əməkdaşları siyahısından çıxarılır. Həbsxanada alimi bəzən saatlarla dindirir, bəzən isə həftələrlə heç çağırmırdılar. Dindirmələr zamanı Landauya işgəncələr verilir və onun iki qabırğası sındırılır. Hətta belə şəraitdə belə Landau işini davam etdirir, beynini məşq etdirmək üçün hidrodinamika sahəsində bəzi məsələləri düşünür və hesablamaları yaddaşında aparır. Lev Landau həbsxanada bir il qalır. O, Nils Borun müdafiə məktubu və P. L. Kapitsanın şəxsi müdaxiləsi sayəsində azad edilir.
Kapitsa Landaunu zaminə götürərək onun sərbəst buraxılmasını tələb edir. 26 aprel 1939-cu ildə Kapitsa NKVD rəhbəri Lavrenti Beriyaya belə bir məktub yazır:
"Xahiş edirəm, həbsdə saxlanılan fizika professoru Lev DavidoviçLandaunu şəxsi zaminliyim əsasında azad edəsiniz. NKVD qarşısında zəmanət verirəm ki, Landau mənim institutumda hər hansı əks-inqilabi fəaliyyətlə məşğul olmayacaq və mən onun institutdan kənarda da bu cür fəaliyyət göstərməməsi üçün əlimdən gələni edəcəyəm. Əgər Landau tərəfindən Sovet hakimiyyətinə qarşı yönəlmiş hər hansı bir ifadə eşitsəm, dərhal bu barədə NKVD-yə məlumat verəcəyəm".
Ölümündən 22 il sonra bəraət
İki gün sonra, 28 aprel 1939-cu ildəSSRİ NKVD tərəfindən Landau haqqında işin dayandırılması və onun Kapitsanın zaminliyinə verilməsi barədə qərar qəbul edilir. 1941–1943-cü illərdə Landau sürgün olaraq Kazanda elmi mərkəzlərin birində çalışır. 1943-cü ildə alim MDU-nun (Moskva Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsində aşağı temperaturlar fizikası kafedrasının professoru olur. 1946-cı ilin noyabrında isə müxbir üzv mərhələsini keçərək birbaşa SSRİ Elmlər Akademiyasının akademiki seçilir.
Fiziki Problemlər İnstitutunun əməkdaşı siyahısına bərpa edilən Landau azadlığa buraxıldıqdan ölümünə qədər həmin institutun əməkdaşı olaraq qalır. Landaunun tam bəraəti isə yalnız öz ölümündən 22 il sonra – 23 iyul 1990-cı ildə baş tutdu: ona qarşı açılmış cinayət işi cinayət tərkibinin olmaması səbəbindən dayandırıldı. 1943–1947-ci illərdə Landau Moskva Dövlət Universitetinin fizika fakültəsində aşağı temperatur fizikası kafedrasının professoru vəzifəsində çalışdı.
Ünvana gec çatan məktub
1945–1953-cü illərdə o, Sovet Atom layihəsində iştirak edir. Bu layihədəki xidmətlərinə görə Stalin mükafatı (1946, 1949, 1953) , Lenin ordeni (1949) ilə təltif edilir, Sosialist Əməyi Qəhrəmanı (1954) fəxri adına layiq görülür. Akademik Landau həm sovet, həm də dünya elminin tarixində əfsanəvi şəxsiyyət hesab olunur. Kvant mexanikası, bərk cisimlər fizikası, maqnetizm, aşağı temperatur fizikası, superkeçiricilik və superaxıcılıq, kosmik şüalar fizikası, astrofizika, hidrodinamika, kvant elektrodinamikası, kvant sahə nəzəriyyəsi, atom nüvəsi və elementar hissəciklər fizikası, kimyəvi reaksiyalar nəzəriyyəsi, plazma fizikası – bunlar Landau tərəfindən fundamental töhfələr verilmiş sahələrin yalnız bir hissəsidir.
Onun haqqında deyirdilər ki, XX əsr fizikasının nəhəng binasında onun üçün bağlı qapı yox idi. 1962-ci ildə Lev Landau Fizika üzrə Nobel mükafatına namizəd olur. Onun namizədliyini məşhur alman fiziki VernerHeyzenberq təqdim edir. 1962-ci ildə Nobel Komitəsinə Nils Bor, onun oğlu Oqe Bor, BenMottelson, KristianMöller və Leon Rozenfeld tərəfindən imzalanmış təqdimat məktubu göndərilir.
Lakin məktub 30 yanvar 1962-ci il tarixini daşıyırdı və Stokholma çox gec çatdığı üçün rəsmi namizədlik kimi qəbul olunmur. Buna baxmayaraq,Landauya həmin il "kondensə olunmuş mühit nəzəriyyəsində, xüsusilə də maye heliumun tədqiqində qabaqcıl araşdırmalarına görə" Nobel mükafatı verilir. Amma Stokholmda keçirilən təltifetmə mərasiminə Landau qatıla bilmir, çünki avtomobil qəzasında aldığı ağır xəsarətlər onun səfərə çıxmasına imkan vermir. 7 yanvar 1962-ci il Landau tələbələri ilə birlikdə Dubnaya getməyə hazırlaşır.
Dərman üçün qatarı saxladılar
Akademikin sürücüsü avtobusu ötməyə çalışır və qəfildən qarşıdan sürətlə gələn yük maşını ilə üz-üzə gəlir. Buzlu yolda maşın idarəetmədən çıxır və zərbə avtomobilin sərnişin tərəfində baş verir. Landau xəstəxanaya həyati əlamətlər olmadan aparılır. Görkəmli sovet cərrah S. N. Fyodorov bir neçə gün xəstəxanada qalaraq Landauya şəxsən nəzarət edir. 22 yanvarda, Landaunun doğum günündə beynində ödəm başlayır.
Akademik Kapitsa dünyanın ən məşhur fiziklərinə teleqram göndərərək nadir bir dərman tapmaq üçün kömək istəyir. İngilis fizik D. D. Kokrroft lazım olan dərmanı əldə edir. Dərmanı Moskvaya daha tez çatdırmaq üçün London–Moskva sərnişin reysi tam bir saat gecikdirilir. Dərman vaxtında çatdırılır və Landau yavaş-yavaş sağalmağa başlayır.
Qoltuq ağacında qəbul edilən “Nobel”
1962-ci il dekabrın 10-da xəstəxanada olarkən İsveç səfiri qoltuq ağacına söykənən alimə Nobel mükafatını təqdim edir. 1964-cü il yanvarın 24-də Landau evinə qayıdır. Lakin artıq işləyə bilmir.
Qəribə və bənzərsiz evlilik
Uşaqlıqdan Landau özünəsiqaret çəkməmək, içki içməmək və evlənməmək kimi qayda qoymuşdu. Bu qayda ilə o, 26 yaşına, yəni Xarkov Universitetinin kimya fakültəsini bitirmiş, cazibədar sarışın KonkordiyaTerentyevnaDrobantseva (1910–1984) ilə tanış olana qədər yaşadı. KoraLandaunun təsvir etdiyi gözəllər kateqoriyasına daxil idi, yəni baxmaqdan gözünü ayıra bilmədiyi qadınlar. Münasibətlərin əvvəlində Landau xüsusi bir evlilik müqaviləsi ilə hər iki tərəfə də tam azadlıq vermişdi və bu azadlıqdan ikisidə daim istifadə edirdi.
Landaunun şəxsi həyatı haqqında çox şey, həyat yoldaşının ölümündən sonra dərc edilən qalmaqalla dolu xatirələr kitabı sayəsində məlum olub. Uzun müddət Lev Landau və Kora Drobantseva arasında olan qəribə evlilik vətəndaş nikahı olaraq qalırdı. Onların rəsmi nikahı 5 iyul 1946-cı ildə, oğulları İqorundoğulmasına bir neçə gün qalmış bağlanıb. Kora Drobantseva həyat yoldaşının yanında, Novodeviçye qəbiristanlığında dəfn edilib. İqorLvoviç Landau atası kimi fizik olur. O, MDU-nun Fizika fakültəsini bitirir və aşağı temperatur fizikası sahəsində eksperimental fizik kimi çalışır və 14 may 2011-ci ildə vəfat edir, Novodeviçye qəbiristanlığında, valideynlərinin yanında dəfn olunur.
“Belə deyirdi Landau”
Landaunun yeganə fiziki olmayan nəzəriyyəsi xoşbəxtlik nəzəriyyəsi idi. O hesab edirdi ki, hər bir insan xoşbəxt olmalıdır və hətta buna borcludur. Bunun üçün isə üç əsas parametrdən vacibdir: iş, sevgi və insanlarla ünsiyyət. Elm sahəsindəki nailiyyətlərindən başqa Lev Landau hazırcavablığı və zarafatçılığı ilə tanınıb. Kəskin zəkaya və gözəl nitq qabiliyyətinə malik olan Landau yoldaşları ilə zarafat edirdi. O, “Belə deyirdi Landau” ifadəsi ilə müxtəlif yumoristik hekayələr qəhrəmanı olurdu. Onun zarafatları təkcə fizika və riyaziyyatla bağlı deyildi.
Məsələn Landau qadınları üç kateqoriyaya ayırırdı: gözəl, şirin və maraqlı. Onun təsnifatına görə, şirin qadınların burnu bir az yuxarı qalxmış, gözəl qadınların burnu düz, maraqlı qadınların isəhəddindən artıq böyükolur. O, elmləri də fərqli şəkildə təsnif edirdi: təbii elmlər, qeyri-təbii elmlər və tamamilə ziddiyyətli elmlər.
Məşhur riyaziyyatçı Lev Pоntryaqin xatirələrində qeyd edirdi ki, Landau həm qadınları, həm də alimləri beş sinifəayırırdı: birinci ən yüksək sinifdən beşinci ən aşağı sinfə qədər. Bu təsnifat üçün müəyyən meyarlar müəyyənləşdirilmişdi. Görünür, Landau bu təsnifatlarla həyatının sonuna qədər maraqlanıb.
Səbinə Uğur
"Cebheinfo.az"